Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi

Ünvanı: 9-cu mikrorayon, Heydər Əliyev Parkı
Əlaqə telefonu: (018) 654-00-75
e-mail: sumqayit.merkez@mail.ru
Fəaliyyətə başladığı il: 2013

Mərkəz Müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyevə ümumxalq məhəbbətinin təcəssümü olan və onun zəngin həyat yolu, xalqı və vətəni qarşısındakı misilsiz xidmətlərinin dərindən öyrənilməsi istiqamətində fəaliyyət göstərən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi 2013-cü ilin 3 may tarixindən fəaliyyətə başlamışdır. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillər, kitablar və sənədlərdən ibarət muzey fəaliyyət göstərir. Ulu Öndərin zəngin həyatı və fəaliyyətindən bəhs edən video materiallardan ibarət arxiv yaradılıb, Mərkəzin təşkilatçılığı ilə sənədli filmlər hazırlanaraq ziyarətçilərə nümayiş etdirilir. Mərkəz fəaliyyətə başladığı gündən burada ödənişsiz olaraq rəsm, şahmat, komputer dərnəkləri fəaliyyət göstərir. Məktəblilərin iştirakı ilə Müasir Azərbaycan tarixi, Ümummilli Liderimizin həyatı və fəaliyyəti, Prezidentimiz İlham Əliyev tərəfindən məharətlə aparılan dövlət siyasəti nəticəsində ölkəmizin bu günkü inkişafı barədə tarixi faktların təqdim edildiyi dərslər keçirilir.

Sumqayıt  şəhərinin Tarixi  Muzeyi

Ünvan: Heydər Əliyev prospekti, 4-cü mikrorayon, bina 382.
Fəaliyyətə başladığı il: 1967-ci il
Əlaqə telefonu: (018) 644-24-00
e-mail: sumqayit_muzey@mail.ru
facebook hesabı:  Sumqayıtın Tarixi Muzeyi
İnstaqram hesabı:    stm_1967.

Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli, 13 saylı sərəncamı ilə Sumqayıt Şəhərinin Tarixi Muzeyi yaradılmışdır. Sumqayıt Şəhər Soveti İcraiyyə Komitəsinin 17 fevral 1967-ci il tarixli, 5 saylı qərarına əsasən, Səməd Vurğun küçəsindəki 132 saylı yaşayış evinin birinci mərtəbəsində muzey üçün ümumi sahəsi 360 m2 olan yer ayrılmışdır. Şəhər ictimaiyyətinin qüvvəsi ilə yaradılmış muzeyin 1500-ə yaxın eksponatın köməyi ilə təntənəli açılışı 2 noyabr 1967-ci ildə baş tutmuşdur.
2010-cu ildə yenidən tərtib olunmuş ekspozisiya mövzu-ekspozisiya və bədii-layihə qərarlarına uyğun əsaslandırılmışdır. Muzey ekspozisiyasının mövzusu XVI əsrdən başlayaraq bu günümüzə qədər xronoloji ardıcıllığa əsaslanır. Muzeyin əsas fondunda 15 mindən artıq qorunma vahidi mühafizə olunur.
Respublika muzeyləri arasında öz dəsti-xətti, işə məsuliyyətli yanaşma metoduna görə seçilən Sumqayıtın Tarixi Muzeyi Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin  22.06.1988-ci il tarixli  qərarı ilə hal-hazırda Heydər Əliyev prospekti 4-cü mkr-da,  bina № 382-də yerləşən, ümumi sahəsi  2680 m2 olan ikimərtəbəli binada təmsil olunur.
Hal-hazırda 9 zaldan ibarət muzeyin ekspozisiya sahəsi 1200 m2, 5 fond saxlanc otaqların ümumi sahəsi 250 m2 təşkil edir. Muzeyin umumi sahəsi 2680 m2-dir,             iş otaqlarının sayı 6-dır. Muzeyin 50 yerlik mühazirə zalı, 165 yerlik akt zalı və sərgi zalı vardır.
Muzeyin girişində  Qədim İpək  Yolunun bir qolu-Sumqayıtın ərazisini əks etdirən maket, saxsı və mis qablardan ibarət guşə vardır.
Birinci mərtəbənin ekspozisiya zalında  Ulu öndər Heydər Əliyev guşəsi yaradılmışdır ki, burada da Ulu öndərin Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu əks olunurb. Ekspozisiya  zalının tən  ortasında sanki  Xəzərin  qumsallığında  cücərib  qol – budaq  atmış, Sumqayıtın  yaranmasını, inkişafını  göstərən, üzərinə  zərvərəq  çəkilmiş  rəmzi – ağac  zalın  ümumi  görünüşünə bitkinlik, tamlıq  gətirir. Əsas mövzu ekspozisiyası ilə bahəm, “İlham Əliyev və yeniləşən Sumqayıt” kimi daimi sərgilərin də nümayişi həyata keçirilir.

İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, əmək qabaqcılları, təhsil, səhiyyə, idman, mədəniyyət ocaqları, xarici ölkələrlə dostluq əlaqələrini əks etdirən materiallar, əşyalar, sənədlər, fotoşəkillər yer almışdır. Həmçinin bu zalda Corat kənd sakinlərinin yaşam tərzini və Sumqayıtın ilk qurucularının məişətini əks etdirən otaq maketlər qurulmuşdur.
“Şəhidlər qalereyası” adlanan kiçik ekspozisiya zalında Sumqayıt şəhidləri, sumqayıtlı Milli Qəhrəmanlar haqqında guşə,  şəhidlərə həsr edilmiş “Ulduzaxını” abidəsi və rəngkarlıq əsərləri əks olumuşdur.
Muzey fondunun materialları ictimai-siyasi xarakterli ümum şəhər tədbirlərində nümayiş olunur. Muzeyin əməkdaşları elmi-kütləvi işlərdə daim fəallıq göstərir, əlamətdar və tarixi günlər, bayramlarla bağlı müxtəlif xarakterli tədbirlər – sərgilər, dəyirmi masalar, mühazirələr təşkil edir. O cümlədən, orta ümum təhsil məktəblərində səyyar sərgilər keçirilir, tarix dərslərində muzeyin əməkdaşları tərəfindən mühazirələr oxunur, məktəblilərin muzeyə ekskursiyalarını təşkil edirlər.

Sumqayıt Dövlət Rəsm Qalereyası

Ünvanı: Nəsimi adına Mədəniyyət və İstirahət Parkı
Fəaliyyətə başladığı il: 1968
Əlaqə telefonu: (018) 655-50-87
e-mail: elladasumqayit@mail.ru

1968-ci ildə daha bir mədəniyyət obyekti – Sumqayıt Şəhər Sərgi Salonu təsis edildi. 1981-ci ilə qədər Azərbaycan Rəsmlər Qalereyasının filialı kimi fəaliyyət göstərmiş, elə həmin il , dekabrın 31-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 583 saylı sərəncamı ilə Sumqayıt Dövlət Rəsm Qalereyası statusu almışdır. Qalereyanın fonunda 280 rəsm əsəri var. Yarandığı gündən bu günə qədər Sumqayıt Rəsm Qalereyasında Azərbaycan təsviri incəsənətinin inkişafında mühüm rolu olan bir çox xalq rəssamlarının, həvəskar rəssamların, xarici ölkə rəssamlarının fərdi sərgiləri nümayiş olunur.   Son illər Sumqayıt Dövlət Rəsm Qalereyasında nümayiş olunan sərgilər mövzuca daha rəngarəng olması ilə seçilir. “Sumqayıt – doğma şəhərim mənim”, “Narkomaniya - əsrimizin bəlasıdır” mövzularında tərtib olunmuş sərgilər,  məktəblilərin dekorativ – tətbiqi sənət sahəsinə aid olan əl işlərindən ibarət olan sərgilər, gənc rəssamların fərdi sərgiləri, məktəblilər arasında sərgi-müsabiqələr keçirilir.
Sumqayıt Dövlət Rəsm Qalereyası bu gün də öz işini inamla davam etdirir.

 Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbi

Ünvanı: 9-cu məhəllə, Puşkin küç. 8/15
Əlaqə telefonu: (018) 655-79-42
e-mail: qara.qarayev.1995@inbox.ru
1954-cü ildən fəaliyyətə başlayıb
380 nəfər şagird təhsil alır
120 müəllim çalışır
32 sinif otağı var
80 nəfərlik tutumu olan konsert zalı var.

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin adını daşıyan 1 saylı musiqi məktbi musiqi sahəsində ibtidai təhsil verir. Məktəbdə Azərbaycan xalq, klassik və dünya musiqisinin ən gözəl nümunələri tədris edilir. Məktəbdə uşaqların musiqi qabiliyyətinin aşkar olunması və inkişaf etdirilməsi üçün hər bir şərait yaradılılr.
Hal-hazırda məktəbdə 6 şöbə fəaliyyət göstərir:
-         Fortepiano şöbəsi
-         Xalq çalğı alətləri şöbəsi
-         Simli alətlər şöbəsi
-         Nəzəriyyə şöbəsi
-         Xor şöbəsi
-         Tədris köməkçi fənlər şöbəsi

Məktəbdə müəllim və şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı fəaliyyət göstərir.    Respublikada keçirilən müsabiqə və festivallarda məktəbin şagirdləri xüsusi fərqlənirlər.

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbi

Ünvanı: 9-cü mikr. Koroğlu prospekti 373
Əlaqə telefonu: (018) 642-16-27
e-mail: latafet@mail.ru
1971-ci ildən fəaliyyətə başlayıb
568 şagird təhsil alır
36 şagird (Ödənişli əsaslarla) təhsil alır
135 nəfər müəllim çalışır
44 sinif otağı var
312 nəfərlik tutumu olan konsert zalı var.

Fəaliyyət göstərən müddətdən indiyədək məktəb fortepiano, Azərbaycan xalq çalğı alətləri, xanəndəlik, nəfəs və simli alətlər, musiqi nəzəriyyəsi, vokal rəssamlıq və xoreoqrafiya üzrə uşaqlara ibtidai təhsil verir. Bununla yanaşı məktəbdə ödənişli əsaslarla təhsil üzrə fortepiano, xalq çalğı alətləri, fleyta, truba, simli alətlər, Estrada-vokal, rəssamlıq və xoreoqrafiya ixtisasları tədris olunur. Azərbaycan, xalq , klassik  musiqisi, dünya xalqlarının musiqisindən seçilmiş nümunələr şagirdlərin estetik zövqünü formalaşdırır, istedadlı uşaqların üzə çıxarılması və onların müvafiq ixtisaslar üzrə orta ixtisas və ali məktəblərə qəbul olunması üçün hazırlayır. Məktəbin şagirdləri dəfələrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən, həmçinin müxtəlif beynəlxalq festival və müsabiqələrdə fərqlənmiş, yüksək qiymətləndirilmiş, diplom və pul mükafatlarına layiq görülmüşlər.

 S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi

Rəhbəri: Xankişiyeva Elnarə vidadi qızı
Ünvanı: 9-cu mikrorayon Z.Hacıyev 22
Əlaqə telefonu: (018)65-4 00 94 , (018)65-4 00 93
e-mail: seid.rustemov@inbox.ru
1976-cı ildən fəaliyyətə başlayıb
688 nəfər şagird təhsil alır
201    nəfər müəllim çalışır
1 korpusdan ibarətdir
50 sinif,3 inzibati  otağı var
84 nəfərlik zalı var.

  Məktəbdə fortepiano,simli və nəfəsli alətlər,xalq çalğı alətləri,qarmon və nağara,ansambl və müşayiət ,rəssamlıq və xoreoqrafiya şöbələri var.Məktəbdə skripkaçalanlar ansamblı,xalq çalğı alətləri ansamblı,qarmonçalanlar ansamblı,nağaraçalanlar ansamblı var.

F.Əmirov adına 5 nömrəli Uşaq musiqi məktəbi

Rəhbəri: Heydərov Vasif Heydər oğlu
Ünvanı: 17-ci mikr.,İ.Qayıbov küç.62
Əlaqə telefonu: (018)656-80-75
e-mail: fikret.amirov.63@mail.ru
1991-cü ildən fəaliyyətə başlayıb
485  nəfər şagird təhsil alır
143 nəfər müəllim çalışır
40  sinif otağı var
85 nəfərlik tutumu olan konsert zalı var.

 

Məktəbdə vaxtaşırı Azərbaycan və Dünya bəstəkarlarının  yaradıcılığına həsr edilmiş gecələr, təqvim günləri, anım günləri keçirilir. Məktəbin şagird və müəllimlərindən ibarət Xalq Çalğı Alətləri orkestri, ansambl, xor kollektivi məktəb, şəhər və respublika miqyaslı tədbirlərində, konsertlərdə, müsabiqə və festivallarda məharətlə çıxış edirlər. Məktəbin şagirdləri müxtəlif festivallarda fərqlənərək diplomat və laureat adını qazanmışlar.

Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbi

Rəhbəri: Süleymanov Vaqif Səttar oğlu.
Ünvanı: H.Zeynalabdin  qəsəbəsi, Məktəbli küç.5.
Əlaqə telefonu: (018) 643-00-69.
e-mail: bakixanov-uim@inbox.ru.
1982-ci ildən fəaliyyətə başlayıb.
318 nəfər şagird təhsil alır.
77 nəfər  əsas , 2 nəfər əvəzçilik üsulu ilə ,cəmi 79 müəllim çalışır.
30  sinif otağı var.


Məktəb uşaqlara musiqi, rəssamlıq, xoreoqrafiya sahəsində ibtidai təhsil verir. Azərbaycan xalq, klassik və dünya mədəniyyəti və incəsənətinin ən gözəl nümunələri əsasında onların estetik zövqünü formalaşdırır. Məktəbdə 318 nəfər şagird 10 ixtisas üzrə: fortepiano, skripka, tar, kamança, qarmon, klarnet, nağara, səs-muğam, rəsm, rəqs üzrə təhsil alır.

 

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi


      Səməd Vurğun adına Mərkəzi Kitabxana

      S.Vurğun  adına Mərkəzi şəhər kitabxanası 1958-ci ildən fəaliyyət göstərir. 1966-cı ildən  böyük  şairimiz S. Vurğunun  adını daşıyır. Sahəsi 633,8 kvadratmetrdir. S. Vurğun  adına Mərkəzi şəhər kitabxanası MKS-ə daxil olan bütün kitabxanalara  metodik rəhbərlik edir. S. Vurğun adına  Mərkəzi kitabxanada  9 şöbə və Elmi-tədqiqat bölməsi fəaliyyət göstərir.
      Kitabxanada İnternetə çıxış təmin edilmiş,  lokal kompyuter şəbəkəsi və  Wi-Fi zonası yaradılmışdir. 2009-cu ildə Kitabxanada İRBİS-64 Kitabxana Avtomatlaşdırılma Sistemi,   2016-cı ildən isə  ALİSA  Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemi tətbiq olunur. Kitabxananın fəaliyyətinin əsas istiqamətini kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, oxuculara və istifadəçilərə virtual rejimdə xidmət göstərməkdir.
      Kitabxananın kollektivi  öz  işini ali və orta-ixtisas məktəbləri, YAP, Yazıçılar Birliyinin Sumqayıt şəhər filialı, Gənclər və İdman Baş İdarəsi, Sumqayıt şəhər Təhsil şöbəsi, kütləvi informasiya vasitələri, Əli Kərim adına Poeziya klubu və digər mədəniyyət müəssisələri və  Qeyri Hökumət Təşkilatları - Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Qanunun  Aliliyi  Hüquq  Resurs Mərkəzi,  Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi və digər təşkilatlarla əlaqəli quraraq  informasiyanı əhalinin bütün təbəqələrinə çatdırmaq, oxucuları  mütaliəyə daha fəal cəlb etmək məqsədilə müxtəlif mövzularda disput, dəyirmi masa, ədəbi-bədii gecə, oxucu konfransı,  kitab müzakirələri və  görüşlər keçirir.
       Yaxşı işinə görə kitabxana  dəfələrlə Azərbaycan Mədəniyyət Nazirliyi və  Sumqayıt Regional Mədəniyyət  İdarəsi tərəfindən Fəxri fərman və mükafatlara  layiq görülmüşdür.

      Ünvan:   N.Nərimanov küçəsi, ev 43,
      Tel: (018) 642-27-64, (018) 644-26-95, (018) 652-00-87,  (018) 644-38-05
      E-mail: sumlib.az@gmail.com


     Gənclər Kitabxanası

    Sumqayıt şəhər Gənclər Kitabxanası 1969-cu ildən fəaliyyətə başlayıb. Sahəsi 86 m2-dir.
   Kütləvi kitabxana olaraq əsasən gənclərə xidmət edir.  Gənclər Kitabxanası yarandığı gündən gənclərin tələbatını ödəmək və illər boyu toplanmış informasiyanı gələcək nəsillərə çatdırmaq və mütaliəyə rəhbərlik kimi mühüm funksiyaları yerinə yetirir.
Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi təmin olunmuş, kitabxana kompüter, printer və digər avadanlıqlarla təchiz olunmuşdur.  Gənclər  Kitabxanası  öz işini Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt şəhər Təhsil şöbəsi,  lisey, gimnaziya,  kollec və məktəblər, H. Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrı, həmçinin  klub və mədəniyyət evləri ilə əlaqəli həyata keçirir.

   Ünvan: Azərbaycan prospekti, ev 6, Tel:(018) 645-66-12
   E-mail: gencler-kitabxanasi@mail.ru

 

      Mərkəzi Uşaq Kitabxanası

        Sumqayıt şəhər MKS-in Mərkəzi Uşaq Kitabxanası 1953-cü ildə açılıb. Sahəsi 267 m2-dir.
     Mərkəzi Uşaq Kitabxanasının əsas məqsədi uşaqlarımızın gələcək həyatına yeni dəyərlər gətirmək, tez-tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqlarımızın mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, hər cürə yeniliklərə qarşı onların daha savadlı, daha zəkalı böyüməsinə təkan verməkdir. Mərkəzi Uşaq Kitabxanasında “Uşaq hüququ” informasiya mərkəzi və  kiçik  yaşlı oxuculara xidmət  məqsədilə, müasir kompyuter texnologiyaları ilə təmin  olunmuş İnformasiya Resurs Mərkəzi yaradılmışdır. Hüquq mərkəzinin təşəbbüsü ilə şəhərin digər uşaq kitabxanalarında  da  oxucuların hüquqi biliklərlə təmin olunması məqsədilə   vaxtaşırı tədbirlər keçirilir. Mərkəzi Uşaq Kitabxanası Mərkəzləşdirilmiş Kitabxana Sisteminə  daxil olan  kitabxanalar arasında keçirilən  “İlin ən  yaxşı  kitabxanası”  nominasiyası üzrə müsabiqənin qalibi olmuş, Sumqayıt Regional Mədəniyyət  İdarəsi tərəfindən Fəxri fərmanlara və pul mükafatına  layiq görülmüşdür. Mərkəi Uşaq Kitabxanasında yaradılmış “Nağıl otağı” kiçik yaşlı oxucuların ən sevimli məkanına çevrilmişdir. Burada təşkil olunmuş sərgilər, cizgi filmləri və nağıl qəhrəmanlarının oyuncaqları, qədim milli əşyalar uşaqların kitabxanaya olan marağını daha da artırmışdır. “Nağıl otağı”nda  uşaqlar üçün  nüxtəlif mövzulu tədbirlər – nağıl saatı, cizgi filmi saatı keçirilir, tamaşalar göstərilir.
      Kitabxana  TET gimnaziya, 1, 5, 8, 9, 10, 11,12,16,18, 34 və 38 saylı tam orta məktəblərinin, şəhərimizdə məskunlaşan Laçın, Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı rayon məktəblərinin şagird və müəllimlərinə, mədəniyyət ocaqlarırının əməkdaşlarına, uşaq bağçalarına xidmət edir. 
 

     Ünvan: Azərbaycan prospekti, ev 6.   Tel: (018) 645-66-12
     E-mail: usaqkitabxanasi @mail.ru

     

         N. Gəncəvi adına  Kitabxana Klub

         Nizami Gəncəvi adına  Kitabxana Klub 1988-ci ildən fəaliyyət göstərir. 1991-ci ildən  N. Gəncəvinin adını daşıyır.
        Kitabxana Klub həm böyüklərə, həm də uşaqlara kitabla və dövri nəşrlərlə informasiya xidməti işini həyata keçirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına da yardımçı olur.
      N. Gəncəvi adına Kitabxana Klubda da kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonaları yaradılmış, kitabxana kompüter, printer və digər müasir avadanlıqlarla təchiz olunmuşdur.     
     Kitabxana Klub öz işini Sarıqayada fəaliyyət göstərən Laçın musiqi məktəbi, Texniki kollec, 24, 28, 33, 34, 37 saylı tam orta məktəblərlə, 48 və 64 saylı uşaq bağçaları,  Qubadlı orta məktəbi və digər müəssisə və təşkilatlarla əlaqəli quraraq  onlarla birgə müxtəlif mövzularda yaddaqalan tədbirlər keçirir.
   

    Ünvan: 13-cü mkr. ev 56,  Tel: (018) 646-01-13
    E-mail:   kitabxana.nizami@mail.ru

 

       M.Ə. Rəsulzadə adına kitabxana filialı

       Sumqayıt şəhər MKS-in  M.Ə. Rəsulzadə adına  kitabxana filialı 1968-ci ildən fəaliyyət göstərir. 1991-ci ildən M.Ə. Rəsulzadənin adını daşıyır. Sahəsi 227 m2-dir. 
    Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonaları yaradılmış, kitabxana kompüter, printer və digər müasir avadanlıqlarla təchiz olunmuşdur.
     Kitabxana öz işini 3, 14, 15, 25 saylı məktəblərlə və Sumqayıtın Tarixi Muzeyi, AYB, AJB və digər təşkilatlarla  əlaqəli  həyata  keçirir. Kitаbхаnаdа təşkil оlunаn kitab təqdimatları, oxucu kоnfrаnslаrı, kitаb müzаkirələri,  görüşlər, ədəbi bədii gеcələr, disputlаr hər bir iştirаkçıdа mütaliəyə оlаn mаrаğını dа gücləndirir.
   

        Ünvan: 45-ci məh. Ev 79,  Tel: (018) 644-49-38
        E-mail: sumqayit.kitabxana.2@gmail.com


       “Yaşıldərə” yaşayış massivi kitabxanası

        Sumqayıt şəhər MKS-in  “Yaşıldərə” yaşayış massivi kitabxanası  1969-cu ildə açılıb. Sahəsi 77 m2-dir.
      Kütləvi kitabxana  olaraq oxucuların kitabxanaya cəlb edilməsi, onların dünyagörüşünün formalaşması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər keçirir. “Yaşıldərə” yaşayış massivi kitabxanası 10, 11,12-ci mikrorayonların, həmçinin  “Yaşıl dərə” yaşayış massivinin sakinlərinə xidmət göstərir. Öz işini  21, 30 saylı tam orta məktəblərlə əlaqəli qurub.
 

         Ünvan: 12-ci mkr. Ev 8, mən. 47. Tel: (018) 64 8-29-07

       

C. Məmmədquluzadə adına kitabxana filialı

       Sumqayıt şəhər MKS-in C. Məmmədquluzadə adına  kitabxana filialı 1969-cu ildən fəaliyyət göstərir. Sahəsi 110 m2-dir.  Kütləvi kitabxanadır. Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonaları yaradılmış, kitabxana kompüter, printer və digər müasir avadanlıqlarla təchiz olunmuşdur.
Kitabxana şəhərin 3-cü mikrorayon, 41, 41a, 34, 36 və 76-cı məhəllələrinin  sakinlərinə kitabxana-informasiya xidməti işini həyata keçirir.  Öz işini 13 saylı tam məktəb və «Təfəkkür» liseyi  ilə əlaqəli qurub.
 

       Ünvan: 3-cü mkr. Ev 19 a, Tel: (018) 645-77-03
       E-mail: Sumqayıt.library@gmail.com


        Ə. Vahid adına  kitabxana filialı

        Sumqayıt şəhər  MKS-in  Ə. Vahid adına kitabxana filialı 1973-cü ildən fəaliyyət göstərir. 1992-ci ildən Ə. Vahidin adını daşıyır. Sahəsi 134,7 m2-dir.
     Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonaları yaradılmış, kitabxana kompüter, printer və digər müasir avadanlıqlarla təchiz olunmuşdur.
      Şəhərin 5, 6, 9-cu mikrorayonların sakinlərinə kitabla xidmət işini həyata keçirən kitabxana filial  öz işini 23, 27, 37 saylı tam orta məktəblərlə əlaqəli qurub. 
 

       Ünvan: 6-cı mkr. Ev 1a, Tel: (018) 644-16-69.

       

        Corat qəsəbə kitabxana filialı

        Sumqayıt şəhər MKS-in Corat qəsəbə kitabxana filialı 1958-ci ildə açılıb. Corat qəsəbəsində  7 saylı  tam orta məktəbin nəzdində  yerləşən kitabxana filialı Corat qəsəbə sakinlərinə, 7 saylı məktəbin müəllim və şagird kollektivinə, qəsəbədə yerləşən Mədəniyyət evi  və  bir sıra idarə və təşkilatlara xidmət göstərir.
 

          Ünvan: Corat qəsəbəsi, 7 saylı tam orta məktəb

   

      M.Ə. Sabir adına  kitabxana filial

       Sumqayıt şəhər MKS-in M.Ə.Sabir adına kitabxana filialı 1978-ci ildən fəaliyyətə başlamışdır. Sahəsi  127 m2-dir. 
    M. Ə. Sabir adına kitabxana-filialın işlərinin əsas  istiqaməti kitabxanaya oxucuların cəlb olunmasına, onlara daha operativ  və hərtərəfli xidmət etməkdən ibarət olmuşdur. Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonaları yaradılmış, kitabxana kompüter, printer və digər müasir avadanlıqlarla təchiz olunmuşdur.
 

       Ünvan: 17-ci mkr, ev 24. Tel: (018) 65-7-51-09

 

        H. Zeynalabdin qəsəbə kitabxana filialı

        Sumqayıt şəhər  MKS-in   H. Z. Tağıyev adına qəsəbə kitabxana filialı 1981-ci ildə açılmışdır. Kitabxana filialı yaşından və təbəqəsindən asılı olmayaraq bütün qəsəbə sakinlərinə, həmçinin  6, 9, 32, 40 saylı tam orta məktəblərin, qəsəbədə fəaliyyətini davam etdirən Laçın rayon məktəbinin, Ə.Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinə  və qəsəbədə fəaliyyət göstərən  bir sıra idarələrin əməkdaşlarına xidmət göstərir. Sahəsi 77,3 m2-dir.
 

        Ünvan: H. Z. Tağıyev qəsəbəsi, Ə. Bakıxanov adına 3 saylı musiqi məktəbi.

 

 

          N.Nərimanov adına Mədəniyyət Mərkəzi


Rəhbəri: Şəfiyev Samir Nizaməddin oğlu
Ünvan: Heydər Əliyev prospekti
Əlaqə telefonu: (018) 655-23-31
Fəaliyyətə başladığı il: 1954
E-mail: sumqayit_mm@mail.ru

1954-cü ildə inşa edilmiş ümumi sahəsi 1029 kv.m olan N.Nərimanov adına mədəniyyət evi 2015-ci ilin may ayından Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mərkəz şəhərin mədəni həyatında mühüm rol oynayır. Mədəniyyət Mərkəzində 226 yerlik tamaşa zalı, 3 inzibati, 11 dərnək olmaqla 14 iş otağı vardır.

Mədəniyyət Mərkəzində fəaliyyət döstərən özfəaliyyət kollektivləri -  “Rövşən” ritm qrupu, “Pöhrə” aşıqlar ansamblı, “Dəcəllər” rəqs kollektivi istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması, onların bacarıq və vərdişlərinin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir.
2020 – ci ilin may ayında “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbar Tacikistan, Ukrayna, Fransa., Türkiyə və Rusiya beynəlxalq musiqi festivalı iştirakçıları ilə birgə online konsertdə çıxış etmişdir.

28 noyabr 2020-ci il tarixində Rusiya Federasiyasının təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş “Ethno Drum World” ritm festivalında Azərbaycanı “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbar təmsil etmişdir. Festivalda 15 ölkədən gələn məşhur ritm ifaçıları dəvət olunmuşdur.
Mədəniyyət Mərkəzində bədii özfəaliyyət kollektivləri ilə yanaşı 14 adda müxtəlif həvəskar birlik, kurs və dərnəklər də yaradılmışdır. Bunlarda 2020 –ci ildə 136 nəfər uşaq və yeniyetmə iştirak etmişdir. 19 nəfər dərnək və kurs rəhbəri büdcədənkənar vəsait hesabına əmək haqqı ilə təmin edilir.

 

Mədəniyyət Evləri

 

Şəhər Mədəniyyət Evi                                                

Rəhbəri: Rəşidova Elnarə  Alik qızı
Ünvan: 9-cu mikrayon, 54-cü bina, Ə.Mehdiyev adına Qubadlı musiqi məktəbi
Fəaliyyətə başladığı il: 1963
Əlaqə telefonu: (018) 64-4-83-92 

        1980-ci ildə müharibə və əmək veteranlarından ibarət “Veteranlar” beynəlmiləl xoru yaradılmışdır. 1985-ci ildə Mədəniyyət Nazirliyinin kollegiyasının 4 №-li qərarı ilə xora “xalq” kollektivi adı verilmişdir. Xor kollektivi baxış müsabiqələrdə, festivallarda, respublika üzrə keçirilən tədbirlərdə iştirakçı olmuş, fəxri fərman və diplomlarla təltif edilmişdir. 
        2018-ci ilin oktyabr ayında Nizami kinoteatrın ümumi təmiri ilə əlaqədar olaraq Mədəniyyət Evi və kollektivlər müvəqqəti olaraq Heydər Əliyev prospekti 1-də yerləşən Ə.Mehdiyev adına Qubadlı musiqi məktəbinə, digər kollektivlər isə 6-cı mikrayonda yerləşən 4 saylı kluba köçürüldü. Hal hazırda Şəhər Mədəniyyət Evi Ə.Mehdiyev adına Qubadlı musiqi məktəbində fəaliyyət göstərir.
      Mədəniyyət evində 10 nəfərdən ibarət "Şəms" instrumental ansamblı, 5 nəfərdən ibarət "Narbala" kukla teatrı, 6 nəfərdən ibarət "Xəzər ulduzları" gənc və yeniyyetmələr teatr studiyası, 6 nəfərdən ibarət "Qobustan" ritm qrupu, 10 nəfərdən ibarət "Veteranlar bəynəlmiləl xoru", 5 nəfərdən ibarət Bədii qiraət, müxtəlif kurs və dərnəklər fəaliyyət göstərir. Kollektivlər şəhərin bir sıra tədbirlərində, hərbi hissələrdə konsert proqramları ilə çıxış etmişlər.

 

  C.Cabbarlı adına Mədəniyyət Evi                                         

Rəhbəri: Səmədova Aynur Ramis qızı (direktor vəzifəsini icra edən)
Ünvan: Azərbaycan prospekti
Əlaqə telefonu: (018) 655-85-53
Fəaliyyətə başladığı il: 1951
E-mail:aynur-samedova@inbox.ru

C. Cabbarlı adına mədəniyyət evi 1949-cu ildə - cu ildə xüsusi layihə üzrə tikilmiş, 1951-ci ildə istifadəyə verilmişdir. Sahəsi 1100 kv metr,  6 iş otağı, 500 nəfərlik tamaşa zalı var.
 Mədəniyyət evində  xalq teatrı, estrada, aşıqlar, nəfəs alətləri ansamblları fəaliyyət göstərirdi. Daha sonralar mədəniyyət evində rəqs və rus dram dərnəkləri yaradıldı. 1960-cı illərdə Rusiyada Kreml sarayında xalq teatrının əsasında "Fərhad və Şirin" tamaşası göstərilmişdir. Dərnək üzvləri – Məmməd Ələkbərov, Svetlana Həşimova, Səkinə Süleymanova, Sabir Əliyev respublikanın tanınmış teatr xadimləridir. 1970-ci ildə mədəniyyət evində bal rəqsləri, 1984-85-ci illərdə şəhərimizdə ilk dəfə olaraq qızlardan ibarət xalq çalğı alətləri ansamblları yaradılmışdır. 2000-ci ilin sentyabr ayından etibarən, mədəniyyət evi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyinə verilmişdir.
 Mədəniyyət evinin özfəaliyyət kollektivləri şəhərimzdə keçirilən tədbirlərdə geniş şəkildə iştirak edirlər. Yay aylarında əhalinin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə özfəaliyyət kollektivləri şəhərimizin parklarında rəngarəng konsert proqramları ilə çıxış edirlər.
 2020-ci ilin Yanvar  ayının 26-da  Cəfər Cabbarlı adına Mədəniyyət Evinin “Turan” milli rəqs qrupu Gəncə şəhərində təşkil olunmuş rəqs müsabiqəsində iştirak edərək, müxtəlif nominasiyalar üzrə 1-ci yerə çıxmışdır.
 2020-ci ilin mart ayında Bakı şəhərində Xətai sənət Mərkəzində keçirilmiş “Yurduma bahar gəlir” adlı rəsm müsabiqəsində Cəfər Cabbarlı adına Mədəniyyət Evinin rəsm dərnəyinin 1 üzvü 1-ci yerə, aprel ayında həmin məkanda keçirilmiş “Azərbaycanım” adlı rəsm müsabiqəsində rəsm dərnəyinin 2 nəfər üzvü 1-ci və 2-ci yerə, isə həmin məkanda keçirilmiş layiq görülmüşdür.
  Mədəniyyət evində  hal-hazırda “Gənclik”  instrumental ansambılı,  “Qafqaz” böyüklərdən ibarət,  Turan”  kiçiklərdən ibarət milli rəqs qrupları, “Sirr” estrada qrupu, “Go in ups” rok qrupu, rəsm kursu, tibb kursu, biçmə-tikmə kursu fəaliyyət göstərir.

 

“28 May” Diyarşünaslıq evi

Rəhbəri: Yaqublu Vüsal Xasay oğlu
Ünvan: 41-ci məhəllə, Koroğlu küç.
Fəaliyyətə başladığı il: 1977
Əlaqə telefonu: (018) 644-87-81

“28 May” Diyarşünaslıq evi bu günun tələblərinə cavab verir. Diyarşünaslıq evində “Tənqid-təbliğ” xalq teatr kollektivi, “Səda” instrumental ansamblı, tibb kursu  fəaliyyət göstərir.. Mədəniyyət evinin özfəaliyyət kollektivləri hərbi hissələrdə, orta ümumtəhsil məktəblərində maraqlı proqramla çıxış edirlər.

 

“Dostluq” mədəniyyət evi

Rəhbəri: Fətullayev Aslan Miri oğlu
Ünvan: 8-ci mikrorayon A.Quliyev küçəsi 12/34
Fəaliyyətə başladığı il: 1973
Əlaqə telefonu: (018) 642-00-71

Ümumi işlək sahəsi 252 kv.m olan 1973-cü ildən “Dostluq” klubu kimi fəaliyyətə başlayan müəssisənin 13 iş otağı vardır. Mədəniyyət evində “Xəzri” xalq mahnı və rəqs ansamblı, “Şahinlər” uşaq rəqs kollektivi, “Səmt” estrada qrupu, “Start” uşaq və yeniyetmələrdən ibarət estrada qrupu, “Dostlar” aşıqlar qrupu, “Dostluq”  instrumental ansamblı, zurnaçılar qrupu, muğam üçlüyü, bədii-qiraət fəaliyyət göstərir.
2019-cu ildə Bakı şəhərində keçirilmiş “Mən cazmenəm” adlı beynəlxalq Estrada müsabiqəsində “Səmt” və “Start” estrada qrupları iştirak etmişdir.
2019 – cu ildə bakı şəhərində keçirilmiş Ənənəvi folklor festivalında “Şahinlər” rəqs qrupu iştirak edərək Mədəniyyət nazirliyi tərəfindən diploma layiq görülmüşdür.
2020 –ci ildə “Mədəniyyətimizi virtual məkanda tanıdaq!” adlı Mədəniyyət Nazirliyinin  təşkil etdiyi müsabiqədə “Dostluq” mədəniyyət evi iştirak etmişdir.
Mədəniyyət evində bədii özfəaliyyət kollektivləri ilə yanaşı 2 maraq klubu, 1 həvəskar birlik, müxtəlif kurs və dərnəklər də yaradılmışdır. Bunlarda 130-dan çox uşaq və yeniyetmə iştirak edir.

 

Corat qəsəbə mədəniyyət evi

Rəhbəri: Qəhəmanova Aygün Qəhrəman qızı
Ünvan: Corat qəsəbəsi, Sülh küçəsi 246
Fəaliyyətə başladığı il: 1927
Əlaqə telefonu: (018) 656-93-95

Mədəniyyət evində “Karvan”insturumental ansamblı,  “Muğam” üçlüyü və “Etüd” estrada qrupu fəaliyyət göstərir. Mədəniyyət evi yarandığı vaxtdan şəhərin mədəni həyatında fəal iştirak etmışdir. Səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlar və diplomlarla təltif edilmışdir. Mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri hərbi hissələrdə, uşaq evlərində mədəni-kütləvi tədbirlərlə çıxış edir. Əlamətdar  günlərdə qəsəbə əhalisi qarşısında maraqlı konsert proqramları təşkil edirlər.

 

“Gənclik” klubu

Rəhbəri: Alverdiyev Nazim Rəhman oğlu
Ünvan: 13-cü mkr., ev 15, m. 47
Fəaliyyətə başladığı il: 1978
Əlaqə telefonu: (018) 656-36-13


Klub öz işini günün tələblərinə uyğun qurmağa çalışır. Klubda “Məngülüm” kukla teatrı, “Səda” instrumental ansamblı, “Cəmil” saz qrupu özfəaliyyıt kollektivləri fəaliyyət göstərir. Bununla yanaşı saz və tibb kursları da klubun fəaliyyət sahəsindədir. 1980 – ci ildə yaradılan “Məngülüm” kukla teatrı 1989 – cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin kollegiyasının qərarı ilə “xalq teatrı” adı verilmişdir.
Özfəaliyyət kollektivləri hərbi hissələrdə, orta ümumtəhsil məktəblərində, uşaq bağçalarında maraqlı mədəni-kütləvi tədbirlər təşkil edirlər. Yaz-yay mövsümündə şəhər əhalisinin asudə vaxtının səmərəli təşkili məqsədilə maraqlı konsert proqramları ilə çıxış edirlər.

 

4 saylı diyarşünaslıq klubu

Rəhbəri: Səfərli Ayişə Elman qızı
Ünvan: 6-cı mkr. Zülfü Hacıyev küç., bina 1
Fəaliyyətə başladığı il: 1978
Əlaqə telefonu: (018) 644 16 41
e-mail: diyarshunasliq@gmail.com

Ümumi dahəsi 389.9 kv.m olan klub şəhərin mədəni həyatinda mühüm rol oynayır.. Klubun 16 dərnək otağı var. Klubda fəaliyyət göstərən özfəaliyyət kollektivləri -"Günəşim" kukla teatrı, "Buratino rəqs qrupu, "Alleqro" rəqs qrupu, "Günəş" mahnı qrupu, "Our Teachers" xor dərnəyi, "Bədii qiraət", "Moon Art" rəsm dərnəyi vardır. Özfəaliyyət kollektivləri ilə yanaşı 8 adda müxtəlif birlik, kurs və dərnəklər də yaranmışdır. Bunlarda 148 nəfər uşaq və yeniyetmələr iştirak edir. 5 nəfər dərnək və kurs rəhbəri büccədən kənar vəsait hesabına əmək haqqı ilə təmin olunur.


   

6 saylı folklor klubu

Rəhbəri: Aydınov Natiq Eldar oğlu
Ünvan: 6-cı mkr-n, 27 saylı tam orta məktəbin  2-ci mərtəbəsi
Fəaliyyətə başladığı il: 1978
Əlaqə telefonu:

6 saylı folklor klubu 1978-ci ildə yaradılmışdır. Klubun hazırda yeləşdiyi  binanın  
mühazirə zalı  olduqca təmirsizdir.  Bina Sumqayıt   Şəhər  Təhsil  Şöbəsinin
balansındadır. Klubda  heç bir şərait olmadığına görə dərnək və kurslar  fəaliyyət  göstərmir.
27 saylı tam orta məktəbin 6 saylı Folklor klubunun fəaliyyəti üçün ayırdığı otaqların və mühazirə zalının əsaslı təmirə ehtiyacı var.

Hal-hazırda klubun üzləşdiyi problemlər çoxdur. Buna baxmayaraq, klub məhdud şəkildə də olsa  bir çox  tədbirlərin keçirilməsində qismən iştirak edir.

 

Sumqayıt Şəhər Əli Kərim adına “Poeziya” klubu

Rəhbəri: Hacıyev İbrahim Musa oğlu
Ünvanı: 9-cu mkr. Heydər Parkı
Əlaqə telefonu: 0442080161
Fəaliyyətə başladığı il: 1990
e-mail:ibrahim_ilyasli@mail.ru


Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyindəki klublar sırasında olan Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Klubu öz fəaliyyətini bu gün də inamla davam etdirir. Klub 1992-ci ildən görkəmli Azərbaycan şairi Əli Kərimin adını daşıyır.  Poeziya klubu öz işlərini klubun fəaliyyət proqramına uyğun olaraq iki istiqamətdə - şəhərdə ədəbiyyatın təbliği və şəhər ədəbi ictimaiyyətinin problemlərinin həlli istiqamətlərində qurmuşdur. Ədəbiyyata yeni gələnlərin istiqamətləndirilməsi, peşəkar yazıçı və şairlərin əsərlərinin nəşrə hazırlanması məsələləri, yeni nəşr olunmuş kitabların müzakirəsi və təqdimat mərasimləri, ayrı-ayrı yazıçıların yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrin və yubiley tədbirlərinin təşkili klubun fəaliyyətində prioritet məsələlərdir. Klubda görülən işlər vaxtaşırı respublikanın müxtəlif kütləvi informasiya vasitələri ilə işıqlandırılır. Klub respublikanın ayrı-ayrı regionlarında fəaliyyət göstərən ədəbi qurumlarla əməkdaşlıq edir, birgə tədbirlər həyata keçirir.  Hal-hazırda klubun nəzdində “Dəniz” gənclər ədəbi birliyi fəaliyyət göstərir.
2020 –ci ildə Poeziya evinin direktoru şair İbrahim İlyaslı tərəfindən Klassik və müasir Avropa və Asiya yazarlarının nəsr və poeziya əsərlərinin tərcümələrindən ibarət “Qırmızı almadan qızıl almaya” adlı kitab, Klassik Qazax şairi və mütəfəkkiri Abayın Tam külliyatı qazaxcadan tərcümə edilərək nəşr edilmişdir.
Poeziya klubunun müdiri İbrahim Hacıyev  2019-cu ildə cənab prezident İlham Əliyev tərəfindən “Tərəqqi medalı”na və Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatına layiq görülmüşdür.
2020 –ci ildə klubun mədəni-kütləvi təşkilatçısı Elvin Əlizadə gənc yazarların prezident mükafatına, 2021- ci ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülmüşdür.

      

QEYD: Aşağıda adları qeyd olunan müəssisələr Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil deyildir.

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi

Sədri: Sabir Sarvan
Üzvlərinin sayı:
Ünvanı: 13 mkr. 56
Əlaqə telefonu: (018)656-97-80

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi 1996-cı il dekabr ayının 21-də təsis edilmişdir. Bölmənin nəzdində “Turan” , “Zərif” qadın ədəbi məclisləri, “Tumurcuq” uşaq klubu fəaliyyət göstərir. Bölmə yarandığı gündən fəaliyyətini bu istiqamətlərdə qurmuşdur; Klassik və müasir Azərbaycan ədəbiyyatının təbliği , dünya ədəbiyyatının təbliği, yerli müəlliflərin əsərlərinin təbliği və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi. 
Bölmə tərəfindən çap olunan kitablar:
1. Vətən deyən şerlər” 1999.
2. “Qanadlandıq uçmağa” (birinci kitab) 2000.
3. “Qanadlandıq uçmağa” (ikinci kitab) 2001.
4. “Qanadlandıq uçmağa” (üçüncü kitab) 2002.
5. “Bənövşə pıçıltısı” (ədəbi almanax) 2002.
6. “Məlumat-sorğu kitabçası” 2002.
7. “Qanadlandıq uçmağa” (dördüncü kitab) 2002.
8. “Bizdən sizə qalan sözdü” (ədəbi almanax) 2003.
9. “Qanadlandıq uçmağa” (beşinci kitab) 2004.
10. “Vətənim, anam, dilim (almanax) 2004.
11. “Qanadlandıq uçmağa”(altıncı kitab) 2005.
12. “Dünya Sumqayıtdan keçir”(ədəbi tərcümələrdən ibarət almanax) 2005.
Bölmənin fərqlənən üzvləri:
- Məmməd Aslan (1999-cu ildə respublika prezidentinin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür).
- Ofeliya Babayeva ( “Araz” ali ədəbi mükafatı laureatı, respublikanın əməkdar müəllimidir. “Tərəqqi” medalı ilə təltif edilib.)
- Əvəz Mahmud Lələdağ ( “Tərəqqi” medalı ilə təltif edilib. )
- Qüdrət Muğanlı ( “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatları laureatı, respublikanın əməkdar jurnalistidir.) 
- Rafiq Yusifoğlu ( “İlin ən yaxşı kitabı” , “Qızıl qələm” , “Araz” , “Vətən” , “Tofiq Mahmud” ədəbi mükafatlarının laureatı , respublikanın əməkdar jurnalistidir.)
- İbrahim İlyaslı ( Azərbaycan respublikası prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə istedadlı yazarlara 6 ay müddətinə verilən təqaüdə layiq görülüb.)
- Sabir Yusifoğlu (Azərbaycan respublikası prezidentinin 28 oktyabr 2000-ci il tarixli sərəncamı ilə istedadlı yazarlara 6 ay müddətinə verilən təqaüdə layiq görülüb.)

 

 

 Parklar

 

Heydər Parkı – 1999-cu ildə 9-cu mk/r-da boş bir ərazidə yeni bağ salındı – “Heydər bağı”. Getdikcə bu bağın ərazisi genişləndirildi. Burada əyləncə və istirahət üçün bütün şərait: rahat kafe və çayxanadan yelləncəklərə kimi, atraksionlar, avtomat oyunlar yaradılmışdır. Buradakı rahatlıq və sakitliyi özünün orijinallığı ilə seçilən fəvvarələr, qeyri-təbii kiçik şəlalələr tamamlayır. 
Şəhər əhalisinin istirahət mərkəzinə çevrilmiş bağ 2003-cü ildən etibarən, “Heydər parkı” kimi tanınır və sevilir.

2011-ci ildə parkda əsaslı təmir və yenidənqurma işləri başlamışdır.Parkda işıqlanma sistemi yenilənmiş,yeni yaşıllıq zolaqları və qazonlar salınmış, ən müasir tələblərə uyğun atraksionlar quraşdırılmışdır.

2013 – cü ilin 3 may tarixində parkda Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur.Bu gün Mərkəz yeniyetmə və gənclərin təlim-tərbiyəsində,Heydər Əliyev irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Park müasir məhəllələrin arasında yerləşir. Burada əyləncə və istirahət üçün bütün şərait: rahat kafe və çayxanadan yelləncəklərə kimi, atraksionlar, avtomat oyunlar yaradılmışdır. Buradakı rahatlıq və sakitliyi özünün orijinallığı ilə seçilən fəvvarələr, qeyri-təbii kiçik şəlalələr tamamlayır.

Hal-hazırda park əhalinin istifadəsindədir.

Nəsimi adına mədəniyyət və istirahət parkı – 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradıldı. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac – Eldar və Alp şamları, Ağcaqayın, Akasiya, Küknar, Qovaq ağacları və s. cərgələrə düzüldü. Yaşıllaşdırma yüksək ixtisaslı mütəxəssislərə - aqronomlara, bağbanlara həvalə edildi. Şəhər əhalisinin sağlamlığında parkın yaşıl ərazisi ilə yanaşı, çimərlik zonası da əhəmiyyətli rol oynayır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilmişdir. Elə həmin ildə V.Nəzirov və A.Quliyevin müəllifi olduğu “Sülh göyərçini” abidəsinin qoyulması parkı daha da gözəlləşdirdi.

1981-ci ildə “Yay estradası”nın açılışı, “Rəqs meydançası”nın təşkili, kafelər, müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir. Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərin nümayişi, şair və yazıçılarla görüşlərin təşkili, əmək, ədəbiyyat və incəsənət günləri ilə əlaqədar keçirilən ənənəvi tədbirlərin əsas ünvanı məhz İ.Nəsimi adına mədəniyyət və istirahət parkıdır.
Ağır faciələrə sinə gərmiş, mətinləşmiş Sumqayıtın yüzlərlə şəhid balasının son məkanı, şəhər əhalisinin ziyarətgahına çevrilən “Şəhidlər xiyabanı” parkın şərq hissəsində yerləşir. 20 Yanvar şəhidlərinə həsr edilmiş abidə (1991-ci il) və “Ulduzlar” abidəsi (1999-cu il) sumqayıtlıları tarixi unutmamağa çağırır.
Yuxarıda qeyd olunan heykəltəraşlıq nümunələrinin müəllifi, şəhərin baş rəssamı Vaqif Nəzirov, rəssam Aqil Quliyevlə birgə 07.10.2003-ci il tarixdə dahi Azərbaycan şairi İ.Nəsiminin abidəsi üçün Xəzərin sahili və yaşıllığa qərq olmuş parkın görkəmli mənzərəsinin ovuc içi kimi göründüyü yüksəklikdə ünvan seçdilər.
Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən tutmuş Xəzərin ləpədöyəninə qədər ərazini əhatə edən parkın hal-hazırda ümumi sahəsi 80 hektardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən, İ.Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

2011-ci ildə parkda əsaslı təmir və yenidənqurma işləri başlamışdır.Park başdan-ayağa yeni tamet daş örtüyü ilə döşənmiş,parkda işıqlanma sistemi yenilənmiş,yeni yaşıllıq zolaqları və qazonlar salınmış,ən müasir tələblərə uyğun atraksionlar quraşdırılmışdır.

2014-cü ildə parkda “20 Yanvar” abidə kompleksinin və “Xocalı” abidəsinin açılışı olmuşdur.Həmçinin bu ildə Nəsimi adına mədəniyyət və istirahət parkında sumqayıtlıların “sevgililər körpüsü” kimi tanıdığı körpü yenilənmiş,”Yaşıl teatr” ən müasir tələblərə uyğun  təmir olunmuşdur.

Bu gün Nəsimi adına mədəniyyət və istirahət parkı ən müasir üslubda təmir edilmiş və əhalinin istifadəsinə verilmişdir.

Tel: (+99418)645-15-83

Lüdviqshafen parkı –1997-ci ildə Sumqayıt – Lüdviqshafen dostluq əlaqələrinin 20 illiyi münasibəti ilə 9-cu mk/r-da yeni park – “Lüdviqshafen” parkı yaradılmışdır.

Əgər şəhər boşluğundan bezib, şəhər parklarında, fəvvarələr ətrafında dincəlmək istəyirsinizsə, o zaman ən münasib yer Lüdviqshafen parkıdır. Parkın adı alman qardaşlıq şəhərinin adı ilə bağlıdır. Parkda tez-tez müxtəlif yaş həddində olan insanları kitab və qəzet oxuyarkən görmək olar.

Hal-hazırda ətrafda yaşayan insanların müraciətlərini nəzərə alaraq parkın yenidən qurulması üçün söküntü işləri aparılır.İlin sonunda “Lüdviqshafen” parkı ən müasir tələblərə uyğun olaraq əhalinin ixtiyarına veriləcək.

Bələdiyyə parkı

2003-cü il tarixdən parklar siyahısına yeni bir park daxil oldu. 1955-ci ildən “Şəhər bağı” kimi tanınan bağ Sumqayıt Şəhər Bələdiyyəsinin vəsaiti hesabına genişləndi, abadlaşdı və “Bələdiyyə parkı” kimi sumqayıtlıların xidmətində durdu.

2011-ci  ildə parkda əsaslı təmir və yenidənqurma işləri başlamışdır.Parkda işıqlanma sistemi yenilənmiş,yeni yaşıllıq zolaqları və qazonlar salınmışdır.

Hal-hazırda park əhalinin istifadəsindədir.

 

 

Keçidlər