Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

 Əfsanə
Tarixçilər tərəfindən sübut olunub ki, eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, sikkələr aşkar olunmudu və beləliklə bu yerdə qədim şəhərcik yerləşdiyi məlum olmuşdur.Şəhərin adıyla bağlı bir cox əfsanələr məlumdur. Bu əfsanələrdən birinə görə qədim keçmişdə belə bir hadisə baş verib:
Şəhərdən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc varmış. Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa getdi. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran “ Sum qayıt, Sum qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da buna nail ola bilmir.
Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası. Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.
Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki: “ Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur yağış yağanda isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır.”

Şəhərin inkişaf mərhələləri
1938-ci il – indiki İES-in yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı.
1939-40-cı illər – Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri durdurulur.
1941-ci il – İES işə düşdü və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanını verdi.
1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi.
1945-ci il – Sumqayıt Kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik Kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
1953-cü il Marten sobalarında ilk polad əridilməsi.
1955-ci il Sumqayıt Alüminyum zavodu işə başladı.
1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.

 Bu vaxtlar Sumqayıt artıq keçmiş SSRİ-nin aparıcı sənaye şəhərlərindən biri kimi tanınmışdı.
90-cı illərin sonu XXI əsrin əvvəllərində şəhərin ümumi görünüşündə böyük dəyişikliklər baş verir. Küçələrin abadlaşdırılması, yolların yenidənqurulmasında durmadan işlər aparılır, yeni evlər, ticarət mərkəzləri, tibb və təhsil müəssisələri, hökümət binaları tikilir, parklar, fəvvarələr və istirahət mərkəzləri salınır. Bu dövr tikinti işləri ilə müasir sənaye komplekslərinin istisamrı ilə xarakterizə edilir.
2001-ci il – Sumqayıtın kimya sənayesində sürətli və səmərəli fəaliyyətini təmin edın istismarda qeyri adi buxar generatoru tikilmiş və istifadəyə verilmişdir.
2004-cü ilin əvvəli – 2005-ci ilin sonu – Biskvit və makaron məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Bismak” Yeyinti Sənaye Kompleksi istifadəyə verilmişdir.
2004-cü il – Kömür istehsalı üzrə ixtisaslaşmış “Metallurq” müəssisəsi fəaliyyətə başlamışdır. Müəssisədə ildə 500 ton kömür istehsal edilir.
2004-2006-cı illər – ildə 1000 ton həcmində diametri 50-160 mm olan plastik boru istehsalı müəssisəsi “Dizain Cenay Azerbaycan” tikilmişdir.
2004-2007-ci illər – “Tac Holding” pivə istehsalı müəssisəsinin tikintisi başa çatdı.
2005-ci il – bir ay ərzində müxtəlif həcmli 20-30 elektrik transformatoru istehsal edən “Azel LTD” müəssisəsi fəaliyyətə başladı.
2005-2006-cı illər – istehsal gücü ayda 4000 ton təşkil edən beton-sement istehsalı müəssisəsi olan “K and K” –nın tikintisi başa çatdı.
2005-ci il – illik istehsal gücü 1000 ton təşkil edən yuyucu məhsulları istehsalı üzrə ixtisaslaşmış “Qala” zavodu istismara verildi.
2005-ci ilin sonu – “Azer Xalı” müəssisəsi tərəfindən ilk dəfə olaraq əl əməyi ilə xalça istehsalı
2006-cı il – Beton məhlulu və keramika istehsalı müəssisəsi – “Basf kaspian YKS” fəaliyyətə başladı.
2006-cı il – İngilis və Çin texnologiyaları üzrə diametri 300-dən 2000 mm-ə qədər uzunluğu 12 m olan şüşə boru istehsalı müəssisəsi – “Azkompozit” fəaliyyətə başladı.
2007-ci il – Saatda 130 kubmetr beton istehsalı üzrə ixtisaslaşmış “Az Saks” müəssisəsi dövriyyəyə buraxıldı.
2007-ci il – “Sumqayıt Trikotaj” müəssisəsinin yenidənqurulması. Gündə 5 ton həcmində pambıq – parça istehsalı üçün İtaliya və Almaniyadan müəssisəyə avadanlıqlar gətirilmişdir.
2008-ci il –
2009-cu il - Sumqayıt şəhərinin 60 illik yubileyi münasibətilə “Şəhər günü” tədbirləri. Sumqayıt Elektrik Stansiyasının istifadəyə verilməsi.

Tarix Muzeyi

Rəhbəri: Olya İslamova
Ünvanı: 4-cü mikrorayon
Əlaqə telefonu: (018) 644-24-00

Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 13 saylı sərəncamı ilə yaradılan Sumqayıt Şəhərinin Tarixi Muzeyi 43 ildir ki, şəhər sakinlərinə, qonaqlara mədəni xidmət göstərir.
2 noyabr 1967-ci ildə S. Vurğun küçəsindəki 132 saylı yaşayış evinin birinci mərtəbəsində ilk tamaşaçılarını qəbul etmiş muzey 1500 eksponatla şəhərin 18 illik tarixinə az da olsa işıq sala bilmiş, bir il sonra , 1969-cu ildə əsas və elmi-köməkçi fondlarda qorunan eksponatların sayını əvvəlki göstəriciyə nisbətdə xeyli artıraraq 1828-ə çatdırmışdır. Öz işinə məsuliyyətlə yanaşan muzey kollektivi də ilk qiymətini SSRİ Mədəniyyət Nazirliyi tərəfindən almışdır: elmi-kütləvi, maarifləndirici işdə fəal iştirakına görə diplom, medal və pul mükafatı.
1987-ci ildən 4-cü mkr-da yerləşən ikimərtəbəli binada qərar tutan muzeyin, əsas mövzu strukturu Sumqayıtın ərazi tarixindən başlayaraq XX əsrin 40-cı illərindən etibarən, yaranmaqda olan şəhərin xronoloji ardıcıllıqla müasir dövrə qədər zaman kəsiyini əhatə edir.
Birinci mərtəbənin ekspozisiya zalı ilə tanışlıqda Azərbaycana həsr olunmuş bir ömrün, Heydər Əliyev ömrünün Sumqayıt səhifələrini vərəqləməli oluruq. Ulu öndərin ustalıqla yaradılmış büstü, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu səbəbkarın təbirincə desək: “Sumqayıt bütün Azərbaycanın gözəl təcəssümüdür” fikrinə aydınlıq gətirir. Ekspozisiya zalının tən ortasında sanki Xəzərin qumsallığında cücərib qol-budaq atmış, üzərinə zərvərəq çəkilmiş Sumqayıtın yaranmasını, inkişafını göstərən rəmzi - ağac zalın ümumi görünüşünü tamamlayır. Dahi şəxsiyyət Heydər Əliyevin “Sabahın şəhəri” adlandırdığı Sumqayıtın dünəninə baxsaq burada tozun dumana çevrildiyi səhralığı, dəvə karvanlarının iz sala-sala keçib getdiyi boz çöllüyü görmüş oluruq. Xüsusi qurğunun köməyi ilə “Sumqayıt” əfsanəsini dinləyib bu əfsanənin təcəssümü – abidəyə, orta əsr Sumqayıt ərazisini əks etdirən, zövqlə hazırlanmış maketə tamaşa etmək başlanğıc haqqında yaranan suallara aydınlıq gətirir.
İkinci mərtəbənin böyük ekspozisiya zalında muzey əşyalarının, fond sənədlərinin, fotoşəkillərin köməyi sayəsində XX əsrin möcüzəsi – Sumqayıt şəhəri göz önündə yaranır, böyüyür, inkişaf edir: inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları...
Şücaət və qəhrəmanlıq dastanı – Böyük Vətən müharibəsi, Dağlıq Qarabağ savaşı və sumqayıtlılar... Kiçik ekspozisiya zalında “Vətən uğrunda ölüm – həyatın davamıdır” fikri ilə qəhrəman oğul və qızlarımızın keçdiyi şərəfli yola nəzər salırıq. Mövzu ilə səsləşən “Ulduz axını” abidəsi, rənkarlıq nümunələri azəri yurdunun bir parçası Sumqayıtın mətnliyini sübut edir.
Əsas mövzu ekspozisiyası ilə bərabər, “Muzeyimizin fondlarından” sərlövhəli sərginin də nümayişi həyata keçirilir. Sərgidə “Poleontologiya”, “Arxeologiya”, “Məişət və etnoqrafik əşyalar”, “Numizmatika”, “Bonistika”, “Faleristika” şöbələri üzrə yerləşdirilmiş əşyalar muzey fondlarının zənginliyinə əsaslanır.
 

Keçidlər