Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşdü

13 sentyabr 2022 | 11:27

Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib. Görüşdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov,  Abşeron Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər,  ali məktəblərə yüksək balla qəbul olan məzunlar və fənn olimpiadalarında qalib olan şagirdlər iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Son illərdə Sumqayıt şəhərində də təhsil müəssisələri təmir olunub, yeni məktəblər inşa olunub. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Tədbirdə çıxış edən Abşeron Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva tələbə adını qazanan məzunları və Fənn olimpiada qaliblərini təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Bildirilib ki, bu il Sumqayıt məktəblərini bitirən şagirdlərdən 36 nəfəri 650-dən yuxarı bal toplayıb.Təbiət Elmləri təmayüllü Gimnaziyanın,Texniki və təbiət elmləri liseyini,Təfəkkür və İstedad liseylərini bitirən şagirdlərin 100%-i ali məktəblərə qəbul olub. Region üzrə 17 nəfər orta məktəbi döş nişanı ilə bitirib ki,onların 16-ı Sumqayıtın payına düşür.

Çıxış edən məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Səmərəli pedoqoji fəaliyyətinə görə bir qrup müəllimə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı verilib. Daha sonra fənn olimpiadalarının qaliblərinə, qəbul imtahanlarında yüksək bal toplayan məzunlara qiymətli hədiyyələr, həmin şagirdlərin təhsil aldıqları məktəblərin direktorlarına isə təşəkkürnamələr təqdim olunub.

Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.

Keçidlər