Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov şair Vüqar Rahini qəbul edib

08 oktyabr 2026 | 12:21

Sumqayıtın tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Rahi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbulunda olub.

Görüş zamanı Vüqar Rahinin ədəbi yaradıcılığı, Azərbaycan poeziyasına və klassik qəzəl ənənələrinin yaşadılmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb. Şairin müxtəlif illərdə qələmə aldığı şeir və qəzəllərin tanınmış muğam ifaçıları tərəfindən səsləndirildiyi, əsərlərinin poeziya ilə muğam sənəti arasında özünəməxsus yaradıcılıq körpüsü yaratdığı qeyd olunub.

Qeyd edək ki, əsl adı Fərmanov Vüqar Xankişi oğlu olan Vüqar Rahi 13 avqust 1979-cu ildə Sumqayıt şəhərində müəllim ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Ədəbi yaradıcılığa erkən yaşlarından maraq göstərən şair əsasən şeir və qəzəl janrlarında qələmə aldığı əsərlərlə tanınıb.

Vüqar Rahi Prezident təqaüdçüsü olub, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun qəzəlləri müxtəlif illərdə Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Abgül Mirzəliyev, Əməkdar artistlər Firuz Səxavət, Aytən Məhərrəmova və digər tanınmış muğam ifaçıları tərəfindən səsləndirilib. Bu ifaların bir qismini Azərbaycan Televiziyasının “Qızıl fond”unda qorunub saxlanır.

Görüşdə şairin yaradıcılığında xüsusi yer tutan “Mənə biraz ondan danış” əsərindən də bəhs olunub. Eyni adlı şeir və qəzəllər kitabının müəllifi olan Vüqar Rahinin bu əsəri son dövrdə yenidən geniş ictimai maraq qazanıb. Leyla Əliyevanın “Mənə biraz ondan danış” şeirini səsləndirməsi əsərə və müəllifin yaradıcılığına marağı daha da artırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Vüqar Rahinin yaradıcılığını yüksək qiymətləndirərək, onun Sumqayıtın ədəbi-mədəni mühitinin tanıdılmasına töhfə verdiyini bildirib. Şəhər rəhbəri şairə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Vüqar Rahi göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Keçidlər