Zakir Fərəcov Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbdə şagirdlərlə görüşüb
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi məktəbdə şagirdlərlə görüş keçirib. Görüş zamanı məktəbin direktoru Arzu Alızadə təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, məktəb 1996-cı ildən fəaliyyət göstərir və burada 42 sinif otağında 411 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 62 müəllim və 42 tərbiyəçi məşğul olur.
Vurğulanıb ki, Məktəbin şagirdləri müxtəlif yarış və tədbirlərdə böyük uğurlar əldə ediblər. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IV Milli Oyunlarda, 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr edilmiş yarışlarda, eləcə də futbol və cüdo üzrə keçirilən turnirlərdə şagirdlər müxtəlif yerlərə layiq görülüblər. Şagirdlərin əl işləri Elm və Təhsil Nazirliyi, həmçinin Fövqəladə Hallar Nazirliyinin birgə təşkil etdiyi “Fövqəladə Hallar uşaqların gözü ilə” adlı müsabiqədə də uğur qazanıblar.
Zakir Fərəcov sağlamlıq imkanları məhdud uşaqların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. O, bu qayğının davam edəcəyini və həmin uşaqların təhsil imkanlarının daha da genişləndirilməsi üçün işlərin görüləcəyini bildirib.