Zakir Fərəcov müşavirə keçirib
Sumqayıt şəhərində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlanmış tədbirlər planı haqqında müşavirə iştirakçılarına məlumat verib. Bildirib ki, 20 Yanvar faciəsinin ildönümü hər il Sumqayıtın Şəhidlər Xiyabanında ümumxalq ziyarəti ilə, böyük izdihamla qeyd edilir. Bu il də digər tədbirlərlə yanaşı, ümumxalq ziyarəti olacaq. 1990-cı ilin yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlərin abidəsi də hər olduğu kimi, bu il də ziyarət olunacaq.
Vurğulanıb ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər Xiyabanı hər zaman nəzarətdə saxlanılır, hazırda da tədbirlə əlaqədar hazırlıq işləri həyata keçirilir. Ənənəvi olaraq, Xiyaban ərazisində güllərdən xüsusi kompozisiyalar hazırlanır, müvafiq tədbirlər görülür.
Şəhər rəhbəri bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında xalqımız və rəşadətli ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu qələbə ilə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Zəfər eyni zamanda milli birliyin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, şəhərdə 1992-ci ildə salınan və 515 şəhidin uyuduğu Şəhidlər xiyabanı da 2021-ci ildə əsaslı şəkildə təmir olunmuş, kompleks yenidənqurma işləri aparılmış, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılmışdır. Yenidən qurulan Şəhidlər xiyabanında “Qalib Əsgər” abidəsi ucaldılmış, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılmışdır. Yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılmış, həmçinin inzibati bina inşa olunmuşdur. Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə də ucaldılmışdır. Prezident İlham Əliyev bu il iyulun 20-də Sumqayıta səfəri zamanı Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuş, “Qalib Əsgər” abidəsinin və Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan abidənin önünə gül dəstələri qoymuşdur.
Bildirilib ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə 2021-ci ilin oktyabr ayında Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılmışdır. Ölkəmizdə 20 Yanvar şəhidləri ailələrinin və yaralılarının qayğıları da daim diqqət mərkəzində saxlanılır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin fərmanlarına əsasən, Azərbaycanda şəhid ailələrinin sosial təminatı yaxşılaşdırılır, onlara dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımlar edilir. 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən artırılaraq 600 manat müəyyən edilib.
Müşavirənin sonunda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu il ərzində Sumqayıt şəhərində görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verib və aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını çatdırıb.