Zakir Fərəcov müəllimləri təbrik etdi
Sumqayıt şəhərində 5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Sumqayıt Dövlət Dram teatrında təşkil olunan tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Şəhər rəhbəri son illər ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, dövlət proqramlarından və əldə olunan nailiyyətlərdən söz açıb. Qeyd olunub ki, dövlətimizin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır.
Bildirilib ki, son 4 ildə Sumqayıtda 1, 9 və 20 nömrəli məktəblərin yenidən inşası bunun bariz nümunəsidir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, müəllimlər şagirdlərə elm öyrətməklə yanaşı, həm də Vətən sevgisi, qəhrəmanlıq öyrədir.
Çıxış edən təhsil işçiləri yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.