Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov jurnalistləri təbrik etdi

22 iyul 2024 | 15:28

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 22 İyul – Milli Mətbuat Günü münasibətilə media işçilərinə təbrik ünvanlayıb.

Hörmətli media nümayəndələri, əziz jurnalistlər!

Sizi Azərbaycanın Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, yaradıcılıq uğurları və fədakar əməyinizdə yeni nailiyyətlər arzulayıram.

Bu gün 22 İyul, milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə təsis edilən bu qəzet qısa müddətdə xalqımızın maariflənməsində, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında mühüm rol oynayıb. “Əkinçi” qəzetinin milli mətbuatımızın inkişafında əvəzsiz rolu olmuşdur. Onun qoyduğu təməl üzərində anadilli mətbuatımızın digər nümunələri – “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat” və “Füyuzat” kimi qəzet və jurnallar milli mətbuatımızın zəngin tarixini formalaşdırmışdır.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən başlayaraq ölkəmizdə mətbuat azadlığı, senzura və digər süni maneələrin aradan qaldırılması, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Bu siyasət cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə də uğurla davam etdirilir, mətbuatın inkişafına dövlət dəstəyi göstərilir.

Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşılan bu gün, həm də müasir informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə medianın qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsinin şahidi oluruq. Media sahəsində peşəkarlıq, obyektivlik və qərəzsizlik prinsiplərinə sadiq qalaraq, jurnalistlərimiz Azərbaycanın dövlətçilik maraqlarını qorumaqda və vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməkdə fədakarlıq göstərirlər.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Postmüharibə dövründə də mətbuatımızın bu işi davam etdirməsi və Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlərin və bəyanatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rolu danılmazdır.

Sumqayıt şəhərində fəaliyyət göstərən media nümayəndələri də hər zaman yüksək peşəkarlıq və fədakarlıq nümunələri göstərərək, şəhərimizin sosial, iqtisadi və mədəni həyatının işıqlandırılmasında mühüm rol oynamışlar. Hörmətli jurnalistlər, Azərbaycan həqiqətlərinin təbliği, cəmiyyətimizin tərəqqisi naminə göstərdiyiniz xidmətlərə görə təşəkkür edir, yeni-yeni uğurlar arzulayıram.

Milli Mətbuat Gününüz mübarək!

Hörmətlə, Zakir Fərəcov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı

Keçidlər