Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb

08 may 2026 | 17:29

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşüb.

Görüş zamanı şəhər rəhbəri qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə şəhərdə həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi kimi regionun iqtisadi inkişafında mühüm rol oynayır.

Zakir Fərəcov qeyd edib ki, şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması və modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni sənaye müəssisələrinin yaradılması üçün əlverişli şərait formalaşdırılıb.

Görüşdə vurğulanıb ki, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur və investorlar üçün müxtəlif güzəştlər tətbiq olunur.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi Sumqayıta səfərindən məmnunluğunu ifadə edib. Diplomat Azərbaycan ilə İndoneziya arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Səfir Sumqayıt şəhərinin sənaye və iqtisadi imkanlarını yüksək qiymətləndirərək, şəhərin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya biləcəyini vurğulayıb.

Keçidlər