Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtın 75 illik yubileyinə həsr olunan tədbir keçirilib

23 noyabr 2024 | 11:12

Sumqayıtın 75 illik yubileyinə həsr olunan “Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və bu şəhərdə məskunlaşan qərbi azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Qərbi Azərbaycan və Sumqayıta dair videoçarxlar nümayiş etdirilib.

Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova açılış nitqi ilə çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirib:

“Bu gün sürətlə inkişaf edən doğma Azərbaycanımızın hər bir guşəsi kimi Sumqayıt da günbəgün gözəlləşir. Sumqayıtda aparılan yenidənqurma və abadlıq işləri şəhərin görkəmini xeyli dəyişib, şəhərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilib. Sumqayıtın özəlliyi ondadır ki, onun özünəməxsus koloriti var. Sumqayıtda vətənimizin hər bir bölgəsindən insanlar cəmləşib. Şəhər sakinləri ilə söhbətdə sanki Azərbaycanımızı gəzirik. Burada Şəkidəsən ovqatı yaradan baməzə söhbətlər edən insanlar, Borçalının və Qazaxın ruhunu özündə cəmləşdirən bədii folkloru yaddaşında daşıyan sinədəftər insanlarını, Qarabağımızı təcəssüm etdirən xalq mahnı və nəğmələrinin peşəkar ifaçıları, Azərbaycanımızı dünyada layiqincə təmsil edən, hər birimizin fəxr etdiyi idmançılar, alimlər, filosoflar və digər şəxslər yaşayırlar”.

O, Sumqayıtın inkişafında və tərəqqisində bir çox regionlardan olan insanlar kimi, qərbi azərbaycanlıların da xüsusi rolunun olduğunu söyləyib: “Prezident İlham Əliyevin rəhbərliyi altında qərbi azərbaycanlılar tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlar”.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov konfransda çıxış edərək bildirib ki, Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin sosial-iqtisadi, o cümlədən, elminin, təhsilinin, mədəniyyətinin inkişafına Ulu Öndər Heydər Əliyev böyük töhfələr vermişdir. Ümummilli Liderin bu sənaye şəhərinə hər səfəri Sumqayıtın tarixində önəmli rol oynamışdır. Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır.

Şəhər rəhbəri bildirib ki, ötən 21 ildə Sumqayıtın iqtisadi və sosial həyatında baş verənlər göstərir ki, Ulu Öndərin şəhərlə bağlı bütün arzuları həyata vəsiqə alır, şəhər Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin inkişaf siyasətinin nəticəsi olaraq Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytarıb və bu proses indinin özündə də davam edir.

Zakir Fərəcov qeyd edib ki, bu gün şəhərdə 70 mindən çox keçmiş məcburi köçkün və qərbi azərbaycanlı yaşayır. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində vətəndaşlar qısa müddətdə abadlaşdırılan torpaqlarında yaşayacaqlar.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli diqqətə çatdırıb ki, 1948-1953-cü illərdə qərbi azərbaycanlılar öz yurdlarından deportasiya olunanda onların ilk gəldikləri ünvanlardan biri də Sumqayıt şəhəri olub.

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov qərbi azərbaycanlıların Sumqayıtın inkişafındakı rolundan danışaraq fəaliyyətləri üçün gözəl şərait yaradıldığını söyləyib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Nağıqızı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, şair Əvəz Mahmud Lələdağ mövzu ilə bağlı çıxışlar ediblər.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Keçidlər