Sumqayıtda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir keçirilib
Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan MMA üzrə Peşəkar turnir keçirilib. Sumqayıt Olimpiya kompleksində keçirilən tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan olub.Bu münasibətlə Sumqayıtda müxtəlif səpkili tədbirlər keçirilir.Təşkil olunan bu yarış da həmin tədbirlərin tərkib hissəsidir.
Zakir Fərəcov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin idmana qayğısı bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycanda idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlətimizin başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir.
Çıxışdan sonra Zakir Fərəcova plaket təqdim olunub. Daha sonra yarışa start verilib. Turnirdə 10 döyüş həyata keçirilib.