Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır
Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır.
Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid Sabir Əbdürrəhmanlının anasını ziyarət ediblər. Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasının qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sabir Əbdürrəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid Sabir Əbdürrəhmanlı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Eyni zamanda Kəlbəcərin, Cəbrayılın və Füzulinin azad olunması görə medalları ilə də təltif olunub.