Sumqayıtda qış mövsümünə hazırlıq müzakirə olunub
Sumqayıt şəhərində qış mövsümünə hazırlıqla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilib.
İclası açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gündəlikdə duran məsələlər, qış mövsümünə hazırlıqla bağlı şəhər təsərrüfatında görülən işlər, o cümlədən həllini gözləyən məsələlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, şəhər təsərrüfatının qış mövsümünə hazırlığı, əhalinin istilik, elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb, bir sıra işlər görülüb.
Vurğulanıb ki, son bir neçə ildə Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində şəhər əhalisinin elektrik enerjisi, təbii qaz və su ilə fasiləsiz təmin olunması üçün mühüm işlər görülüb, müasir infrastruktur yaradılıb.
Şəhər rəhbəri bildirib ki, bu gün əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə etmək, payız-qış mövsümünə hazırlığı vaxtında və keyfiyyətlə başa çatdırmaqdır.
Sonra gündəlikdə duran məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini – şəhər fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Rəşad Hümbətov, Sumqayıt Su Kanal İdarəsinin rəisi Xalid Quliyev, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Sübhü bayramov və digər aidiyyatı qurumların rəhbərləri qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.
Şəhər rəhbəri qışa hazırlığın sürətləndirilməsi və mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.