Sumqayıtda qış mövsümünə hazırlıq işləri aparılır
Sumqayıtda payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Sumqayıt şəhərində qarşıdan gələn payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində şəhər təsərrüfatının qış şəraitində fasiləsiz fəaliyyətinin təmin edilməsi, əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinliklərin operativ aradan qaldırılması və aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə müşavirə keçirilib.
Müşavirədən əvvəl “Sumqayıt Təmizlik Departamenti” MMC-nin sərəncamında olan xüsusi təyinatlı texnika və avadanlıqlara baxış keçirilib, onların qış mövsümündə istismara hazırlıq vəziyyəti nəzərdən keçirilib. Görülmüş hazırlıq tədbirləri, mövcud maddi-texniki imkanlar, işçi qüvvəsinin və nəqliyyat vasitələrinin səfərbər olunması, eləcə də zəruri qum-duz ehtiyatının yaradılması barədə məlumat verilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov bildirib ki, qış aylarında, xüsusilə intensiv qar yağması və şaxtalı hava şəraiti zamanı şəhərin əsas avtomobil yollarında, prospekt və küçələrində nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması prioritet vəzifələrdəndir. Bu məqsədlə xüsusi texnikaların, maşın və mexanizmlərin operativ istifadəyə cəlb edilməsi, yolların qardan və buzdan təmizlənməsi, zərurət yarandıqda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq hazırlıq işləri görülüb.
Müşavirədə şəhər təsərrüfatının bütün sahələrinin qış mövsümünə hazırlığının diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb. Kommunal xidmətlərin dayanıqlı fəaliyyətinin təmin edilməsi, yaşayış məntəqələrində, məhəllədaxili yollarda, piyada səkilərində, ictimai nəqliyyatın hərəkət etdiyi istiqamətlərdə və digər ərazilərdə yarana biləcək problemlərə çevik müdaxilə olunması ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd olunub ki, şəhərin müxtəlif əraziləri üzrə məsul şəxslər müəyyənləşdirilib, vəziyyətin mütəmadi izlənilməsi və yaranan problemlər barədə dərhal məlumat verilməsi üçün müvafiq təşkilati tədbirlər həyata keçirilib. Hava şəraitindən asılı olaraq zəruri qüvvə və vasitələrin vaxtında səfərbər edilməsi, xüsusilə hərəkətin intensiv olduğu yol və küçələrdə təhlükəsizliyin təmin olunması diqqətdə saxlanılacaq.
Vurğulanıb ki, şəhərin qış mövsümünə hazırlığı istiqamətində görülən işlər, eləcə də nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası şəhər rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır.






