Sumqayıtda növbəti səyyar qəbul keçirilib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən keçirilən növbəti səyyar-qəbulda sakinlər tərəfindən qaldırılan problemlər həll edilib.
Şəhərin 14-cü məhəlləsində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Vurğulanıb ki, Sumqayıt şəhərində vətəndaşların problemlərinin dinlənilməsi və həll edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hər həftə səyyar qəbullar keçirilir. Bu görüşlərin əsas məqsədi vətəndaşlarla birbaşa görüşmək, onların problemlərini müəyyən etmək və mümkün qədər qısa müddətdə həll etməkdir.
Qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, kommunal xidmətlər, yol infrastrukturu və digər məsələlər dinlənilib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.