Sumqayıtda muğam konserti təşkil edilib
Sumqayıt şəhərində Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin “Xanəndəlik” şöbəsinin müəllim və tələbələrinin iştirakı ilə muğam konserti təşkil edilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və şəhərin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vurğulanıb ki, son illər ərzində muğamın inkişafı və təbliği istiqamətində mühüm addımlar atılıb. Bu proses Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr çərçivəsində daha geniş vüsət alıb. Belə ki, muğam ifaçılığı müxtəlif aspektlərdən dəstək alaraq öz intibah dövrünü yaşayır. Bunun nəticəsidir ki, muğam sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ifaçılara təşəkkürünü bildirib. O qeyd edib ki, 2019-cu ildə Sumqayıtın 70 illik yubileyi münasibətilə tikilən Muğam Mərkəzi bu sənətə verilən yüksək dəyərin təzahürüdür. Zakir Fərəcov həmçinin vurğulayıb ki, Azərbaycan muğamı bu gün dünya səviyyəsində tanınır və “Muğam aləmi” Beynəlxalq Muğam Festivalları, muğam müsabiqələri və simpoziumları bunun bariz nümunəsidir.
Konsert iştirakçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.