Sumqayıtda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb
Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.
Öncə Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılan abidəsi ziyarət olunub.
DQİDK və Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəhbər şəxsləri, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri, dini icma sədrləri, eləcə də din xadimlərinin iştirak etdikləri tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək regionlarda keçirilən bu tip maarifləndirmə tədbirlərinin dövlətin din siyasətini müasir çağırışlarla uzlaşdırmaq və qarşıda duran hədəfləri müəyyənləşdirmək baxımından əhəmiyyətli olduğunu bildirib.
Nümunəvi dövlət-din münasibətlərinin tarixinə diqqət çəkən M.Qurbanlı bu il anadan olmasının 100 illiyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasət strategiyası nəticəsində ölkəmizdə iqtisadi inkişafa, daxili siyasi sabitlik və əmin-amanlığa, eləcə də milli-mənəvi dəyərlərə qayıdışa nail olunduğunu bildirib. Məhz Ulu Öndərin sayəsində Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda inamla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmizin qüdrətinin daha da artmasını təmin edir. Bu uzaqgörən kursun məntiqi davamı olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə, böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Ölkəmizdə 2253 məscid mövcuddur, habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun əldə etdiyi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərimizdəki abidələrimizin, məscidlərimizin bərpası və yenilərinin inşa edilməsi üzrə layihələrə başlamaqla Birinci vitse-preizdent Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun missiyası xüsusilə vurğulanmalıdır.
Din amilindən siyasi məqsədlər naminə istifadə hallarının artığını, dinin dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşməsi cəhdlərindən də danışan M.Qurbanlı dini radikalizmə qarşı mübarizənin müxtəlif istiqamətlərdə qurulduğunu bildirib. Bu kimi mənfi tendensiyalara qarşı mübarizə tədbirlərinin, maarifləndirmə işlərinin effektivliyinin artırılmasının vacibliyindən danışıb. Qeyd edib ki, bu istiqamətdə müvafiq dövlət qurumları ilə yanaşı, kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti institutları və gənclərin rolu xüsusi əhəmiyyət kəsb edir.
Çıxışında qloballaşan dünyada baş verən dəyişikliklərə də toxunan Komitə sədri texnoloji nailiyyətlərin fərdlərin, eləcə də cəmiyyətin norma və həyat tərzinə təsirsiz ötüşmədiyini bildirib. Vurğulayıb ki, bu gün dəyişən, inkişaf edən cəmiyyət reallığında əsas məqsədimiz müasir və güclü Azərbaycanı bütün dünya azərbaycanlılarının istinad nöqtəsinə çevirməkdir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, Ümummilli liderin ölkəyə rəhbərliyi dövründə sürətlə və uğurla inkişaf edən şəhərlərdən biri də Sumqayıt olub. Sumqayıtın sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, sosial rifahının yaxşılaşmasında Heydər Əliyevin xidmətlərindən danışan T.Səmədov bildirib ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Sumqayıtdakı dini durum barədə də məlumat verən ŞİH rəsmisi ölkəmizdə olduğu kimi şəhərdə tolerantlıq mühitinin mövcud olduğunu söyləyib. Sumqayıtda bütün dinlərin nümayəndələrinin sülh və qardaşlıq şəraitində yaşadığını, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəhər Cümə məscidinin əsaslı şəkildə qurularaq dindarların istifadəsinə verildiyini deyib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova milli dəyərlərin qorunması və onun gələcək nəsillərə çatdırılmasının aktuallığına toxunub. Həmçinin ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmə işlərininin daha da gücləndirilməsinin önəmi barədə fikirlərini bölüşüb. Vurğulayıb ki, ailə cəmiyyətin əsası, milli sərvətidir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. H.Hüseynova bu istiqamətdə aparılan dövlət siyasətinə toxunaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb. Bu sahədə yaradılmış müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və zənginləşdirilir. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər, layihələr Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanıldığı məkana çevirib.
Milli Məclisin deputatı Tahir Mirkişili bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək bildirib ki, Azərbaycan cəmiyyəti nə qədər tolerant və multikultural dəyərlərə sadiq olsa da, dini maarifləndirmə tədbirləri bu dəyərlərin qorunub saxlanılması və davam etdirilməsi baxımından olduqca önəmlidir. Uzun illər müstəqil dövlət uğrunda çoxsaylı qurbanlar vermiş Azərbaycan xalqı bu gün milli məfkurəyə, azərbaycançılıq ideyalarına sadiqdir. Dünyəvilik və dini dəyərlərin bir-birinə qarşı qoyulmasının yolverilməzliyini vurğulayan millət vəkili dinin əsas funksiyasının insanların mənəvi tələbatlarını ödəmək olduğunu, siyasiləşdirilməsinin ağır nəticələr verə biləcəyini diqqətə çatdırıb.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxışında Ulu Öndər Heydər Əliyevin hələ SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, o cümlədən milli-strateji məqsədlərə çatmaq üçün kadr potensialının formalaşdırılması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətə diqqət çəkib. Bildirib ki, Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra da bu istiqamətdə konkret təşəbbüslərlə çıxış edib, gələcəyə yeni və mütərəqqi milli baxış formalaşdırıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılıb, eyni zamanda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə də tarixi qərara imza atıb. Bu siyasi kursun xalqımızın həmrəyliyinin güclənməsini, o cümlədən Vətənə sədaqət ruhunda gənc nəslin yetişməsini təmin etdiyini, milli dəyərlər əsasında tərbiyə olunan Azərbaycan gəncliyinin həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirdiyini, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəldiyini vurğulayıb.
Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov çıxışlarında mövzunun əhəmiyyətindən danışaraq ölkəmizin ərazisində yaşayan müxtəlif millətlərin dini dözümlülük şəraitində özlərinin dini dəyərlərini qoruyub saxladıqlarından, dinlərarası həmrəyliyiyin dini konfessiyalar arasında qarşılıqlı etimadı gücləndirdiyindən bəhs ediblər. Qeyd ediblər ki, respublikamızda xalqımızın mənəvi sərvətləri olan dini ibadətgahların, məscidlərin və digər dini ayinlərin icra olunduğu məkanların təmirinə və bərpasına xüsusi diqqət ayrılır. Bu gün Azərbaycanda yeni-yeni dini ibadətgahların tikintisi də bu siyasətin bariz nümunəsidir.
Qeyd edək ki, konfrans işini 28-29 aprel tarixlərində davam etdirəcəkdir.