Sumqayıtda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda konfrans keçirilib
Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində davam etdirilən konfransda ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, tibb işçilərinin və Sumqayıt şəhər səhiyyə müəssisələrində işlə təmin olunan qazilərin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova bildirib ki, Azərbaycan səhiyyəsi, tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, inkişaf edib, indiki yüksək səviyyəyə çatıb. Ümummilli liderin başladığı inkişaf strategiyası bu gün Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Sumqayıt şəhərində də tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılmasına başlanılıb. Şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir edilib, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusilə də, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilib, dünyada mövqeyi möhkəmlənib. Ona görə də dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəliş, intibah anlayışları ilə assosiasiya olunur. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti layiqli varisi və alternativsiz siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.
Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi, Əməkdar həkim Mehparə Cavadova, Sumqayıt Tibb Mərkəzinin direktor müavini Arzu Bəndəliyeva, Təcili Tibbi Yardım Stansiyasının həkimi Mehparə Əzimova və Uşaq xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri, Əməkdar həkim Sehri Babayev isə çıxışlarında Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırıldığını, tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açdığını qeyd ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir.
Sonda səhiyyə işçilərinin həmişə olduğu kimi bundan sonra səhiyyə sahəsində öz fədakar xidmətləri ilə bərabər dövlətçiliyə tövhə verəcəklərinə əminlik ifadə olunub.