Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib
Baş Prokurorluğun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aprelin 16-da Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Heydər Əliyev adına parkda ağac əkiblər.
Konfrans iştirakçıları tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Vüqar Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə ərazisində ekoloji mühitin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən, eləcə də paytaxtda və respublikamızın bütün bölgələrində yaşıllaşdırma işinə xüsusi önəm verilməsindən söz açıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini vurğulayıb, aparılan kompleks tədbirlərin Sumqayıt şəhəri ərazisində də davam etdirildiyini diqqətə çatdırıb.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi ekoloji siyasətdən danışan Sumqayıt şəhər prokuroru Mürvət Həsənov uğurlu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə respublika ərazisində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyini vurğulayıb.
Konfransda, həmçinin Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Sumqayıt Dövlət Universitetinin əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Tünzalə Babayeva və digərləri çıxış ediblər.
Sonda dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında “Yaşıl dünya naminə” mövzusunda səmərəli müzakirələr aparılıb.