Sumqayıtda bir sıra komissiya və işçi qruplarının fəaliyyəti müzakirə olunub
Sumqayıt Şəhər İcra Hakimiyyətində şəhərdə fəaliyyət göstərən bir sıra komissiya və işçi qruplarının iştirakı ilə iclas keçirilib.
İclasda Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya, Məişət zorakılığı üzrə monitorinq və əlaqələndirmə qrupu, İnsan alverinə qarşı mübarizə üzrə işçi qrupu, Qəyyumluq və Himayəçilik Komissiyası, eləcə də Gender bərabərliyi üzrə əlaqələndirmə qrupunun fəaliyyəti və görülmüş işlər müzakirə olunub.
İclas zamanı 2026-cı ilin 9 ayı ərzində müvafiq komissiya və işçi qrupları tərəfindən görülmüş işlər barədə məlumat verilib, həyata keçirilən tədbirlərin nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, qarşıda duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib, mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxış edərək aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən, komissiya və işçi qruplarının fəaliyyətinin daha səmərəli təşkilindən danışıb.
İclasda həmçinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Mehman Vəliyeva, psixoloq Aynur Eyvazova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər sektorunun müdiri İman Ağayev və digər iştirakçılar çıxış edərək görülmüş işlər, mövcud məsələlər və qarşıdakı fəaliyyət istiqamətləri barədə fikirlərini bildiriblər.






