Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunmuş tədbir keçirilib
16 may 2024 | 15:53
Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin 75 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ulu öndərin Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə dair videoçarx nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və tibb müəssisələrinin kollektivlərinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qeyd edib ki, xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bugün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin profilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən işlər nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Qeyd olunub ki, Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir.
Digər çıxış edənlər – STM-nin Perinatal Mərkəzinin rəhbəri, “Əməkdar həkim” Təranə Rəcəbli, Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Famil Qaflanov və 2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva və Heydər Əliyevin siyasətinin ötən 21 il ərzində Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar. Vurğulayıblar ki, bu siyasətin ən böyük uğurlarından biri səhiyyənin keçdiyi sürətli inkişaf yoludur. Bugün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır.
Daha sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Şəhid övladlardan ibarət xor kollektivinin çıxışı izləyiciləri qürurlandırıb. Balaca fidanlara hədiyyələr, xor kollektivinin rəhbəri Həcər Əkbərova təşəkkürnamə təqdim olunub.