Sumqayıt və Avstriyanın sənaye şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 4-dən 6-dək Lints şəhərində işgüzar səfərdə olub.
Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutan səfərin əsas məqsədi Avstriyanın aparıcı sənaye mərkəzi olan Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yerli sənaye müəssisələri ilə tanışlıq olub.
Səfər çərçivəsində Z.Fərəcov Lints şəhərinin meri Klaus Luqer, Yuxari Avstriya İqtisadiyyat Palatasının Xarici ticarət departamentinin nümayəndələri, Lints limanının direktoru Harald Kronştayner və Yuxarı Avstriya Federal Əyalətinin biznes şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə sənaye şəhərləri olan Sumqayıt və Lints arasında gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu vurğulanıb, bu imkanların reallaşdırılması istiqamətində mümkün sahələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Qarşı tərəfə post-münaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işləri barəsində ətraflı məlumat verilib və bu işlərdə xarici şirkətlər üçün yaradılan əməkdaşlıq imkanlarından danışılıb.
Eyni zamanda, Sumqayıt şəhəri, onun tarixi və əhalisi barədə ətraflı məlumat verilib, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Sumqayıt Kimya-Sənaye Parkından bəhs edilib, bu sənaye parkında 30-dan artıq müəssisənin (Sumqayıt Karbamid Zavodu, Boru-Polipropilen Zavodu, SOCAR Polimer Zavodu və s.) fəaliyyət göstərdiyi qeyd edilib. Avadanlıqları Avropadan gətirilən və müasir standartlara cavab verən bu müəssisələr və onlara qoyulmuş sərmayələr, əldə edilən gəlirlər barədə məlumat verilib və bu müəssisələrin fəaliyyətlərinin həmçinin ixracyönümlü olduğu da vurğulanıb. Sumqayıt şəhərində fəaliyyət göstərən çoxsaylı xarici şirkətlər üçün münbit şərait olduğu da qarşı tərəfin diqqətinə çatdırılıb.