Sumqayıt şəhərindən nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib
Azərbaycanın Sumqayıt şəhəri ilə Almaniyanın Lüdviqshafen şəhərinin dostluq əlaqələrinin 45, tərəfdaşlıq münasibətlərinin isə 35 illiyi münasibətilə Lüdviqshafen şəhərində tədbirlər planı həyata keçirilib.
Yubiley tədbirləri Lüdviqshafenin “Şəhər günü” bayramı ərəfəsində keçirilib. Bununla əlaqədar Sumqayıt şəhərindən nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti şəhərdə mövcud olan bir sıra zavod, fabrik və müəsissələrlə tanış olublar.
Qeyd olunub ki, həm Sumqayıtda, həm də Lüdviqshafendə kimya-sənaye mərkəzləri çox olduğu üçün, hər iki şəhərin dostluq əlaqələri möhkəmlənib və inkişaf edib. Sumqayıt “Qardaşlaşmış şəhərlər” hərəkatına ölkəmizdə ilk və fəal qoşulan şəhərlərdən biridir. Bu gün dünyanın bir çox ölkəsinin şəhərləri ilə dostluq əlaqələri olan Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin təməli ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. Tərəfdaşlıq əlaqələrinin qorunub saxlanılmasında, inkişafında Azərbaycan və Almaniya arasındakı dostluq münasibətlərinin, iki ölkənin dövlət başçılarının apardıqları danışıqların müsbət təsiri olub.
Bildirək ki, Lüdviqshafen və Sumqayıt şəhərinin əlaqələrinin inkişafında müstəsna xidmətlərinə görə Lüdviqshafen şəhərinin meri Yutta Ştaynruk tərəfindən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qızıl medalla təltif olunub. Səfər zamanı həmin medal nümayəndə heyətinin rəhbəri Gündüz Əliyevə təqdim olunub.
Daha sonra Sumqayıt ictimaiyyəti adından Lüdviqshafen şəhərinə və Lüdviqshefen şəhəri adından Sumqayıt ictimaiyyətinə hədiyyələr verilib.Nümayəndə heyətinin şərəfinə konsret proqramı təşkil olunub.