Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində iftar süfrəsi açılıb

14 aprel 2023 | 12:01

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. İftar süfrəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhid ailələrinin üzvləri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qələbə ilə başa çatan Vətən müharibəsindən, ərazi bütövlüyümüzün bərpa olunmasından, tarixi Zəfərin qazanılmasında şəhidlərimizin fədakarlıqlarından söz açılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərildiyi, onların ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı tədbirlər görüldüyü vurğulanıb.

Ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və ehtiramdan, Ramazan ayının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

Sumqayıt şəhəri “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov Qurani-Kərimdən ayələr oxuyub, dualar səsləndirib.

Keçidlər