Sumqayıt şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilən tədbir keçirilib
Gənc qazilərin, müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclərin, gənclər təşkilatlarının nümayəndələrinin və könüllülərin iştirakı ilə keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri təbrik edərək, bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunması gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir.
Şəhər rəhbəri bildirib ki, müstəqillik illərində formalaşmış gənclik 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad etdi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı.
Son illər Sumqayıtda həyata keçirilən layihələrə diqqət çəkən Zakir Fərəcov qeyd edib ki, görülən bütün işlər gənclərin inkişafına, məşğulluğuna və asudə vaxtının səmərəli keçirilməsinə xidmət edir.
Çıxışçılar ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda şəhərin ictimai həyatında, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə nailiyyətlərə imza atan bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.