Şəhid polislərlə Sumqayıtda vida mərasimi keçirildi
Sentyabrın 19-na keçən gecə Xocavənd ərazisində erməni diversiya qrupunun törətdiyi mina partlayışında həlak olan polis əməkdaşları – Camalzadə Asim Knyaz oğlu və Şirinov Ramil Arif oğlu ilə Sumqayıtda vida mərasimi keçirilib.
Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak edib.
Şəhidlərin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı yaxınlarına təqdim edilib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.