SDU-da doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçirilir
Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) plenar iclası keçirilib.
Tədbirdən öncə elm və təhsil naziri Emin Əmrullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərində yerləşən abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin, respublikamızın tanınmış ali təhsil müəssisələrinin rektorlarının, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, doktorantların və gənc tədqiqatçıların iştirakı ilə keçirilən elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin açıq elan edilməsinin ardından Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları və iştirakçıları salamlayaraq, doktorantların və gənc tədqiqatçıların növbəti XXVII Respublika elmi konfransının SDU-da keçirilməsindən məmnunluğunu bildirib. Rüfət Əzizov elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt Dövlət Universitetində aparılan yeniliklər, tədris olunan ixtisaslar və tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlər, həyata keçirilən layihələrdən bəhs edib. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti sənaye şəhərinin bilik və təcrübə mənbəyinə çevrilir.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ilk dəfədir paytaxtdan kənarda belə bir konfrans keçirilir: “Sumqayıt Dövlət Universiteti bu məsuliyyətli işi öz üzərinə götürüb və nazirlik olaraq biz bu konfransı dəstəkləyirik”.
Nazir çıxışı zamanı, həmçinin gənc doktorantlara dəstəyin əhəmiyyətindən danışıb: “Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir. Akademik dürüstlüyə sadiq qalsaq, elmi nailiyyətlərimiz də artmağa davam edəcək. Əks halda isə heç nəyə nail ola bilməyəcəyik”.
Emin Əmrullayev deyib ki, Elm və Təhsil Nazirliyi hər il doktorantların xaricdə təhsil almalarına şərait yaradır və bu ənənə davam edəcək. Nazir, həmçinin bildirib ki, elm sahəsində olduğu kimi ali təhsil sistemində də islahatlar davam etdiriləcək.
Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Qeyd edək ki, iki gün davam edəcək konfransa 287 tezis daxil olub, onlardan 251 teziz qəbul olunub. Konfrans dekabrın 11-də başa çatacaq.