Şriftin ölçüsü :

Saytın rəngi :

“PeşəFest-2026” layihəsinə Sumqayıtda start verilib

18 sentyabr 2026 | 10:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi “PeşəFest-2026” layihəsinə başlanıb və layihə üzrə ilk tədbir Sumqayıt şəhərində keçirilib.

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli, Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Mehriban Vəliyeva, Səbinə Salmanova və Elnarə Akimova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zakir Fərəcov bildirib ki, Sumqayıtın sənaye potensialının genişlənməsi yeni və müasir peşələrə, ixtisaslı kadrlara olan tələbatı artırır. Bu baxımdan “PeşəFest” gənclərin əmək bazarının tələbləri barədə məlumatlandırılmaları, müxtəlif peşələrlə yaxından tanış olmaları və gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirmələri baxımından əhəmiyyətli platformadır.

Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli çıxışında müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasının, gənclərin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara yiyələnmələrinin vacibliyini vurğulayıb.

Hasil Abbasov çıxış edərək “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihə olduğunu, festivalın gənclərin və şagirdlərin peşə seçimlərinə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək verdiyini bildirib.

Milli Məclisin deputatları da çıxışlarında gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsinin, əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnmələrinin vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, bu istiqamətdə həyata keçirilən layihələr həm fərdlərin karyera imkanlarına, həm də ölkənin əmək bazarının inkişafına mühüm töhfə verir. Millət vəkilləri “PeşəFest” kimi təşəbbüslərin peşələri tanıtmaq, işəgötürənlərlə işaxtaranlar arasında əlaqələri gücləndirmək baxımından əhəmiyyətini qeyd ediblər.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

Keçidlər