Lüdviqshafen şəhərinin mütəxəssisləri ilə birgə Sumqayıtda həyata keçirilən layihələr müzakirə olunub
Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərləri arasında əlaqələrin əsası 1977-ci ildə qoyulub. 1987-ci ildə isə tərəfdaşlıq əlaqələrinin qurulmasına dair saziş imzalanıb. Artıq 46 ildir iki şəhəri sıx dostluq, tərəfdaşlıq telləri bağlayır.
Lüdviqshafendən gələn nümayəndə heyəti Sumqayıtda bir sıra görüşlər keçirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk, həmçinin rəsmi və vətəndaş cəmiyyətinin nümayəndə heyətlərinin üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar. Mərkəzdə 46 illik dostluq münasibətlərini əks etdirən fotostendə baxış olub.
Mərkəzin konfrans salonunda tərəfdaş şəhərlərin rəhbərlərinin görüşü keçirilib. Ötən dövr ərzində Lüdviqshafen şəhərinin mütəxəssisləri ilə birgə Sumqayıt şəhərində həyata keçirilən layihələr müzakirə olunub.
Vurğulanıb ki, Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Şəhərlər Şəbəkəsi” layihəsi çərçivəsində Sumqayıt və Lüdviqshafen partnyor şəhərləri 2002-ci ildən etibarən kiçik və məsləhət xarakterli layihələrdə müvəffəqiyyətlə əməkdaşlıq edirlər.
Bildirilib ki, Almanya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin texniki dəstəyi ilə ötən dövr ərzində ətraf mühitin qorunması, şəhərin planlaşdırılması əsaslarının təkmilləşdirilməsi, şəhərin infrastrukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçirilmişdir. Gənclər və sosial sahə üzrə məktəbdaxili və məktəbdənkənar təhsilin təkmilləşdirilməsi kimi istiqamətlər üzrə tədbirlər reallaşdırılıb.
“Şəhərlər Şəbəkəsi” layihəsi çərçivəsində bütün tədbirlər fasiləsiz 20 ildən artıq sıx əməkdaşlıq formatında həyata keçirilib.