İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
Əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.
Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.
Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirilib ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb.
Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı, daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur.
Dövlət başçısı zavodu işə salıb.
Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.
Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur.
Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Müəssisə rezidentlərə verilən güzəştlərdən də yararlanıb.