Şriftin ölçüsü :

Saytın rəngi :

İlahiyyat İnstitutunun fəaliyyəti barədə Sumqayıt məktəbliləri məlumatlandırılıb

07 aprel 2023 | 10:39

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlanılıb.

İnstitutun növbəti səfəri Sumqayıt şəhərinə olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nüməyəndələri, din xadimləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti İctimai və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə məlumat verib. Sumqayıt şəhərində mövcud olan ibadət ocaqları haqqında söhbət açan F.Kazımov bildirib ki, ölkə başçısının rəhbərliyi altında şəhər və rayonlarımızda dini ibadət ocaqlarının bərpası və yenilərinin inşası həyata keçirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abasov çıxışında bildirib ki, ölkəmizdə təhsilalanların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün lazım olan bütün şərait yaradılıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, hazırda cəmiyyətimizdə tolerant və multikultural mühitin qorunması və inkişafı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə din sahəsində aparılan uğurlu siyasətin nəticəsidir.

Aİİ rəhbəri daha sonra İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib. Ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçirilən fənlər barədə söhbət açıb.

A.Şirinov ölkəmizdə mövcud tolerant mühitə qarşı yad qüvvələrin təhdidlərinin olmasından da bəhs edib. Vurğulayıb ki, belə xarici qüvvələrə qarşı mübarizə üçün sağlam dini düşüncəli, Vətənini, xalqını sevən gənclərimizin yetişməsi vacibdir. A.Şirinov yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan İlahiyyat İnstitutunda tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qəbul olan abituriyentlər nəinki ödənişsiz təhsil alacaqlar, hətta pulsuz dərsliklər, yeməkpulu ilə də təmin olunacaqlar.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul qaydaları barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı bəhs edib.

Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Keçidlər