ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Sumqayıta səfər edib.
ABŞ-ın Azərbaycandakı səfiri cənab Robert Sekuta martın 2-də Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcov ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və bölgədə sülh cəhdləri müzakirə edilib. Sahibkarlığın və gənclər üçün iş yerlərinin vacibliyi diqqət mərkəzində olub.
Amerikalı diplomat Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində fəaliyyət göstərən Azərbaycan kağız və karton istehsalat kombinatı, həmçinin yağ fabriki ilə tanış olub.Səfər çərçivəsində cənab Robert Sekuta Sumqayıtda yerləşən Paralimpiya İdman Kompleksinə gəlib. Səfir komplekslə yaxından tanış olub, cüdoçuların məşqini izləyib, ikiqat paralimpiya oyunları və dünya çempionu, 6 dəfə Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyevlə də görüşüb.
Sonra amerikalı diplomat Sumqayıt Kimya Sənayesi Parkının tərkibindəki “SOCAR-Polimer” zavodunun tikintisi ilə tanış olub.
Daha sonra cənab səfir Sumqayıt şəhərində yerləşən Qubadlı rayon S.Rəhimov adına Mahruzlu kənd orta məktəbində olub, məktəblə tanış olan səfir ingilis dili fənni üzrə dərsdə iştirak edib, şagirdlərlə söhbətləşib. Məktəbin akt zalında cənab Robert Sekuta rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məcburi köçkünlər Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəli olmadığını, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşma sərgiləndiyini səfirin diqqətinə çatdırıblar.
Səfərin məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin mühüm rolu haqqında məlumat əldə etmək olub.