Sumqayıt şəhərində “8 Mart-Beynəlxalq Qadınlar Günü ” ilə əlaqədar ümumşəhər bayram tədbiri keçirilib.
7 mart 2016-cı il tarixdə Sumqayıt şəhərində “8 Mart-Beynəlxalq Qadınlar Günü ” ilə əlaqədar ümumşəhər bayram tədbiri keçirilib. Şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik edib. Müstəqil Azərbaycanın inkişafında əvəzsiz xidmətlər göstərən Azərbaycan qadınlarının əməyindən danışan Zakir Fərəcov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev qadınların bu xidmətlərini yüksək dəyərləndirərək onları cəmiyyətin əsas qüvvəsi hesab edirdi. Ulu Öndər 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur”.
Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə və məsuliyyətlə çalışırlar. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də xaricdə öz işi və fəaliyyəti ilə Azərbaycan xanımlarını yüksək səviyyədə təmsil edir.
Bayram tədbirində şəhərin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən qadınlara şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Tədbir iştirakçılarına bayram münasibəti ilə ziyafət verilib, tədbir populyar incəsənət ustalarının konserti ilə başa çatıb.