Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Xocalı faciəsinə həsr edilən ümumşəhər tədbiri keçirilib.

26 fevral 2016 | 16:00

Sumqayıtda Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Milli Məclisin deputatları, idarə təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları  Sumqayıt şəhər Nəsimi parkında yerləşən Xocalı faciəsini simvolizə edən abidə önünə gül dəstələri və əklillər qoyaraq, Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad etmişlər. Daha sonra Sumqayıt şəhər İcra başçısı Zakir Fərəcov Xocalı qurbanlarının ailə üzvləri ilə görüşmüş, onlarla səmimi söhbət edərək baş sağlığı vermiş və problemləri ilə maraqlanmışdır. Tədbirin davamı Sumqayıt şəhər tarix muzeyində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilmiş. Görüşdə acı xatirələr bir daha anılaraq, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək  bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilmiş və  Xocalı faciəsinin tarixi yaddaşlardan heç vaxt silinməyəcəyi vurğulanmış.  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Faiq Kərimov çıxış edərək bildirmişdir ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu.  Çünki Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Xüsusi qəddarlıqla həyata keçirilən  Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri 366-cı sovet alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan  63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Daha sonra çıxış edən Xocalı rayonunun Sumqayıt şəhəri üzrə nümayəndəsi Aydın Əliyev və digərləri, həmin gecənin dəhşətlərindən danışdılar. Hər zaman Dövlətin diqqətində olduqlarını vurğulayan Xocalıdan olan ailələr, Sumqayıtda məskunlaşan, Xoacılıdan olan ailələrə göstərdiyi diqqət və qayğıya görə şəhər İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildirdilər.

Keçidlər