Sumqayıtda 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə ümumşəhər tədbiri keçirilib. Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər də iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində gənc rəssamların bayrama həsr etdiyi işlər ilə tanış olublar.
Tədbirdə qeyd olunub ki, 2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir. Çıxışlarda əminliklə vurğulandı ki, tezliklə zəfər bayrağımız Şuşada, Ağdamda, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacaq.
Bayram tədbirində respublikanın tanınmış incəsənət xadimlərinin ifasında Vətənimizə, bayrağımıza həsr olunan musiqilər ifa olunub, biri-birindən maraqlı şeirlər səsləndirilib.