25 oktyabr - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov , İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev , SOCAR-ın prezidenti Rövnəq Abdullayev oktyabrın 25-də Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun isə istifadəyə verilməsi mərasimlərinə qatılıblar. Əvvəlcə dövlət başçısı “Azertexnolayn” MMC-nin texniki avadanlıqlar zavodunun açılışını edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına zavodun fəaliyyəti haqqında məlumat verib.
İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb.
Sonra dövlət başçısı “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə yaradılan “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına görüləcək işlər barədə məlumat verib.
Daha sonra Azərbaycan prezidenti “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib.
Bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri var. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb.
Dövlət başçısı zavodun kollektivi ilə görüşüb.
Sonra prezident zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb.
Sonda xatirə şəkli çəkdirilib.