Sumqayıtda Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin anım mərasimi keçirilib
Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, şəhər İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, Sumqayıt şəhər Cümə Məscidinin Axundu Hacı Rauf Sərdərov, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən millət vəkili Tahir Mirkişili Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbəni xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli ordumuzun hərbi qulluqçularının igidlik və şücaəti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti, hücum diplomatiyası və dəmir yumruğu sayəsində əldə etdiyimizi vurğulayıb.
T.Mirkişili qeyd edib ki, Şəhriyar Quliyevin, eləcə də Vətən müharibəsində şəhid olmuş hər hərbçimizin əziz xatirəsi hər zaman sonsuz ehtiram və minnətdarlıqla anılacaq, onların döyüş meydanında nümayiş etdirdiyi fədakarlıq və şücaət gələcək nəsillər üçün nümunə olacaq.
Qeyd edək ki, Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M. Füzuli adına 13 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qalıb.
Şəhriyar Quliyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ilin 2-6 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev “Qarabağ” ordeni ilə təltif edilib.
Şəhriyar Quliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.