Sumqayıtda iri ticarət mərkəzlərində monitorinq aparılıb
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrasına nəzarət tədbirləri həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq reydlər həyata keçirilir, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhərdə yaradılan mobil işçi qrupun üzvləri şəhər ərazisində fəaliyyətlərinə icazə verilmiş obyektlərdə növbəti monitorinq həyata keçirib.
Monitorinq zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin vəziyyəti yoxlanılıb, mövcud çatışmazlıqlarla bağlı cavabdeh şəxslərə xəbərdarlıq edilərək müvafiq göstərişlər verilib.
Reydlər zamanı şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.