Sumqayıtda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
Sumqayıt şəhərində 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.
Tədbirdən öncə Sumqayıtdakı Şəhidlər xiyabanı memorial kompleksi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, 44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi.
Vurğulanıb ki, Vətən müharibəsi ilk gündən sumqayıtlıların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu. Hələ ötən ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra yüzlərlə vətəndaş könüllü olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində qeydiyyata düşmüşdü.
Sentyabrın 27-dən sonra isə könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən sumqayıtlıların sayı daha da artdı. Sumqayıt ictimaiyyəti həmin günlərdə döyüşə gedənləri alqış sədaları ilə yola salırdılar. Bu döyüşlərdə neçə-neçə sumqayıtlı qəhrəmanlıq nümunəsi yaratdı. Onlardan 6 nəfəri (3 nəfər ölümündən sonra) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, bir qismi isə yüksək orden və medallarla təltif olunub.
Bildirilib ki, Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Şəhərin küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.
Eyni zamanda döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır.
Çıxışçılar xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğulların əməyini qiymətləndirərək orden və medallarla təltif edən Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçulara, qazilərə, şəhid ailələrinin üzvlərinə medallar təqdim olunub.