Zakir Fərəcov “partnyorluq” medalına layiq görülüb
Almaniyanın Ludviqshafen şəhərinin Partnyorluq Komitəsi 10 mart 2021-ci ildə özünün qeyri-ictimai iclasında bu il təqdim ediləcək Partnyorluq medallarının müzakirəsini aparıb. Hər iki ildən bir Şəhər Şurası ilə birgə bu medalların kimlərə təqdim olunacağı müəyyənləşdirilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov partnyorluq medalının ən yüksək dərəcəsi olan Qızıl medala layiq görülüb. Bu barədə Almaniyanın Ludviqshafen şəhərinin meri Yutta Ştaynruk Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova ünvanladığı məktubda qeyd olunub.
Məktubda qeyd olunub: “Böyük fərəh hissi ilə Sizinlə paylaşmaq istərdim ki, Siz də bu il mükafatlandırılacaq şəxslər sırasında öndəsiniz. Siz partnyorluq medalının ən yüksək dərəcəsi olan Qızıl medala layiq görülmüsünüz.
Əziz cənab Fərəcov mən Sizə müvafiq zamanda Ludviqshafen Sumqayıt və ya Sumqayıt Ludviqshafen şəhərləri arasındakı partnyorluq əlaqələrində əvəzsiz xidmətinizə görə təltif olunduğunuz Partnyorluq medalını təqdim edəcəyəm. Pandemiya səbəbi ilə təqdimat tədbirini başqa zamana keçirmişik. Mən Sizə can saglığı, ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, Sumqayıtdakı işlərinizdə uğur və partnyorluğumuza müvəffəqiyyət arzu edirəm. Mən bu gün bir daha Sizə şəhərlərimiz arasında əməkdaşlıqdakı xidmətlərinizə görə TƏŞƏKKÜR edirəm”.
Qeyd edək ki, Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətləri bu gün də uğurla davam edir. İki şəhər arasında dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 iliyi münasibəti ilə 2017-ci ildə Sumqayıt şəhərində bayram tədbirləri təşkil olunub. Tədbirdə Lüdviqshafen şəhəri böyük nümayəndə heyəti ilə təmsil olunub. Bu illər ərzində 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfərlərdə iki minə yaxın insan iştirak edib, 23 layihə həyata keçirilib.