Sumqayıtda Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası alındı və onların qanı yerdə qalmadı.
Tədbir iştirakçıları Sumqayıtın şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar.