Sumqayıtda Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı oldu
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Sumqayıt şəhərində yerləşən Heydər Əliyev mərkəzində fəaliyyətə başladı. Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və Sumqayıt gəncləri iştirak edib. 300-ə yaxın gənc isə açılış tədbirini onlayn şəkildə izləyib.
Gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra tədbir iştirakçılarına GİKM haqqında təqdimat keçirilib. Açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət uğurlu gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Tədbir yerli istedadlı gənclər tərəfindən musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib.
Sumqayıt gəncləri, həmçinin, “Gənc Könüllü” proqramına qoşulmağa dəvət ediliblər.
Artıq 32 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu il ərzində ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.