Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev yeni hədəfləri müəyyənləşdirdi: Əhali keyfiyyətli və fasiləsiz su ilə təmin olunmalıdır

27 iyul 2020 | 16:00

“Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq”.

Bu sözlər, iyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, su təsərrüfatının vəziyyətinə həsr olunmuş video-müşavirədə bildirilib.
Prezident İlham Əliyev bütün ölkə əhalisinin sutkada 24 saat ekoloji təmiz içməli su ilə təminatını, habelə təkcə paytaxtla kifayətlənməyib bütün bölgələrdə kanalizasiya şəbəkəsinin qurulmasını regionların inkişaf etdirilməsində əsas vəzifələrdən biri kimi müəyyən etmişdi. Belə ki, ölkənin əksər rayon mərkəzlərində, bölgələrdə yerləşən nisbətən kiçik şəhərlərdə və qəsəbələrdə su təchizatında ciddi problemlər var idi.
Bu problemi həll etmək üçün regionların inkişafına dair Dövlət Proqramlarının təsdiqlənməsindən sonra genişmiqyaslı işlərə başlanıldı.

Əhalinin keyfiyyətli və fasiləsiz su ilə təminatı üçün nəhəng layihələr həyata keçirildi
Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə vurğulamaq lazımdır. Böyük həcmdə təmiz içməli su məhz bu kəmər vasitəsi ilə Bakı şəhərinə çatdırılır. Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir.
2000-ci illərin əvvəllərindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırmışdı. Bu məsələnin həlli yollarını da ümummilli lider Heydər Əliyev zərgər dəqiqliyi ilə göstərmişdi. Ulu öndərin bu ideyasını Prezident İlham Əliyev həyata keçirdi. 2007- ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı.
Oğuz rayonunun ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasınadək 262,5 km özüaxımlı magistral su kəməri inşa edildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi. Bununla da Bakı şəhərinin əksər ərazilərinin su təchizatında sabitlik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimə keçildi.
Sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təmin etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. Abşeron yarımadasındakı qəsəbə və kəndlərdə mərkəzləşdirilmiş su şəbəkələrinin yaradılması ilə suya olan tələbatın artması, əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsi, magistral kəmərlərdə qəzalar zamanı su təchizatında problemlərin yaranmaması məqsədilə su mənbələrinin əlaqələndirilməsi nəzərə alınmaqla Bakı şəhərinə yaxın yeni su mənbəyinin yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Tikintisində aparıcı xarici şirkətlərin iştirak etdiyi və ən son texnologiyaların tətbiq olunduğu kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi.
Taxtakörpü su anbarının tikintisi də bu baxımdan tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir.
Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir.
Su infrastrukturu ilə bağlı həyata keçirilən layihələrdən biri olan Şəmkirçay su anbarının su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır.
Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da ötən dövr ərzində inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.

Ötən dövr ərzində həyata keçirilən layihələrin icrasına baxmayaraq Prezidentin müşavirədə səsləndirdiyi kimi keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər.

Prezident müşavirədə bir çox çatışmazlıqlara nəzər salaraq proqram xarakterli çıxış etdi, mövcud problemlərin həlli ilə bağlı yol xəritəsini cızdı:
Çatışmzlıqlar:
- Su itkilərinə yol verilir;
- suyun mənbəyi düzgün təhlil edilmir.
-  Xərclərə nəzarət çox aşağı səviyyədədir;
- -su çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurur;
Nə etməliyik?
- -itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir;
- -çağdaş texnologiyalar tətbiq etməklə boruların istismar müddətinin uzadılmasını təmin etmək lazımdır;
- -su ehtiyatlarımızın qiymətləndirilməsində, su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə elmi baxış iştirak etməli alimlərimiz, elm müəssisələrimiz prosesdə öz yerini almalıdır;
- Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır;
-  Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir;
- yeni texnologiyalardan istifadə etmək lazımdır;
- Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir regionunda olduğu kimi Sumqayıt şəhərində də infrastruktur layihələri uğurla icra olunur.  Əhalinin keyfiyyətli və fasiləsiz su ilə təminatı diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev 27 sentyabr 2016-cı ildə Sumqayıt şəhərinə səfəri çərçivəsində şəhərin içməli su təminatı ilə bağlı bağlı mövcud vəziyyətə toxunaraq bildirdi: “Şəhər əhalisinin 80 faizini fasiləsiz içməli su təminatı əhatə edir. Çalışmalıyıq ki, bu, 100 faizə çatsın”.
Müşavirədə Sumqayıt şəhərinin su təchizatı ilə bağlı məsələlərə də toxunuldu. Qeyd olundu ki, Sumqayıtın yaxınlığında böyük sənaye kompleksi yaradılıb. Bunların hamısı su ilə işləyir və sözsüz ki, bu layihələrin icrası şəhərin su ilə təminatına öz təsirini göstərir.
“Azərsu” ASC və “SUEZ Group” arasında Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyyət Sazişi imzalanmışdır. Hazırda şəhər ərazisində su itkisinin idarə olunması üçün sayğacların quraşdırılması və ilkin qiymətləndirilmə işləri həyata keçirilir. Bu layihənin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində su itkisinin müəyyənləşdirilməsi və effektiv idarəolunması təmin olunacaq ki, bu da əhalinin fasiləsiz su ilə təminatı deməkdir.
Prezident İlham Əliyevin müəyyən etdiyi proqram çərçivəsində həyata keçirilən və hazırda icrası davam edən, gələcəkdə hazırlanacaq yeni layihələr mühüm sosial əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın regionlarının inkişafında yeni, tarixi mərhələ olacaq.

Keçidlər