Şəhid olan general-mayor Polad Həşimov İkinci Fəxri xiyabanda dəfn olunub
İyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonun sərhədyanı kəndlərini artilleriya atəşinə tutması nəticəsində “N” saylı hərbi hissənin qərargah rəisi, general-mayor Polad İsrayıl oğlu Həşimov şəhid olub.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda anadan olmuşdur. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, akademiyanı isə Türkiyədə oxuyub. İki oğlu və bir qızı var. Böyük övladı hazırda 10-cu sinifdə oxuyur.
O, 2003-cü ildə mayor rütbəsində olarkən mərhum prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə ” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə Polad Həşimov artıq polkovnik-leytenant rütbəsində prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb. 2014-cü ildə, Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ildə aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, İlham Əliyevin sərəncamı ilə artıq, II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
24 iyun 2019-cu ildə prezidentin sərəncamı ilə Polad Həşimova general-mayor rütbəsi verilib.
Əslən Qəbələnin Vəndam kəndindən olan generalı yaxından tanıyanların sözlərinə görə, şəhidimiz Ermənistanla sərhəd rayonlarımızda yaşayan sakinlərin daim bir döyüşçü kimi arxasında durub. Belə ki, mərhum qərargah rəisi hətta erməni mövqelərindən açıq görünən otlaq sahələrində mal-qarasını otaran kəndlilərin yanında olub. Onların rahat, sərbəst həyat şəraitinə şəxsən imkanlar yaradıb. Həmkəndlisi onun barəsində bunları dedi:
“Ermənilərə qan uddurub, çox cəsur idi. Ermənilər onu öldürmək üçün çoxdan fürsət axtarırdılar. Bütün sərhəd rayonunda yaşayan o kəndçilər onun başına and içirdi. Tanıyanlar hamısı bilir ki, insanlara kömək üçün çox şeydən vaz keçib. İndi Qəbələdə, əsas da Vəndamda hamı yasa batıb!”
General-mayorun əsgəri olmuş Ramil Cabbarov özünün “Facebook” profilində komandirin şəhid olması ilə bağlı hisslərini bölüşüb:
“Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandirimiz idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabora gələndə “öncə vətən!” kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsli xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”.
Şəhidimiz bu gün Bakıda II Fəxri Xiayabanda dəfn olunub.