Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qlobal əməkdaşlığa böyük töhfələr verir

03 iyul 2020 | 16:00

Pandemiya başladığı ilk andan Prezident İlham Əliyev COVID-19-la effektiv mübarizənin təmin edilməsi üçün beynəlxalq platformaların yaradılması təşəbbüsü ilə çıxış etmişdir.  Qısa müddət ərzində bu istiqamətdə çox ciddi addımlar atıldı və bu gün də bu təşəbbüslərin bir çoxu reallığa çevrilir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunmasının şahidi oluruq.
Prezident İlham Əliyevin bu il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü zamanı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəkləndi. BMT nizamnaməsinə əsasən 97 ölkə, yəni əksər hissəsi bu və ya digər məsələnin müzakirəsi ilə bağlı xüsusi sessiyanın çağırılması təşəbbüsünü dəstəkləyərsə, o halda bu məsələnin reallaşması mümkündür. Qoyulmuş müddətin başa çatmamış artıq 130 ölkə Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyib və bu barədə Baş katibin ofisini məlumatlandırıb.
Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək.
Aylardır dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası hələ də sovuşmayıb və bütün bəşəriyyəti təhdid etməkdə davam edir.
Son statistikaya əsasən, artıq dünyada 11 milyondan çox insan COVID-19-a yoluxub. Virusdan dünyasını dəyişənlərin sayı yarım milyonu ötüb. Mövcud vəziyyət, dünya ölkələrinin hələ bir müddət bu bəla ilə mübarizə aparacağını göstərir. Hətta dünyanın qabaqcıl ölkələri belə  bu təhlükənin qarşısında acizdir.
İnsanların sağlamlığına, ölkələrin sosial-iqtisadi inkişafına böyük təhlükə törədən pandemiyanı məğlub etmək üçün intensiv beynəlxalq əməkdaşlıq  zərurəti yaranıb. Qlobal iqtisadiyyatı iflasa uğratmış, yüzminlərlə insanın həyatına son qoymuş pandemiyanın zərərini minimuma endirmək  üçün  bu gün beynəlxalq həmrəyliyə əsaslanan daha möhkəm bir dünya nizamının qurulması qaçılmazdır.
Bu gün ölkəmiz həyata keçirdiyi effektiv mübarizə tədbirlərinə görə beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan yalnız yerli nümunələr yaratmaqla kifayətlənmir. Prezident İlham Əliyev pandemiyanın qlobal problemə çevrilməsini nəzərə alaraq bu bəla ilə mübarizədə beynəlxalq əməkdaşlığı, həmrəyliyi zəruri hesab edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi olmuşdur. Bu tədbir pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi. Məhz bundan sonra dövlətlərin birgə səy təşəbbüsləri, həmrəylik nümayiş etdirməsi və beynəlxalq əməkdaşlıq platformalarının yaranması bütün dünyada aktuallaşmağa başladı.
Mayın 4-də İlham Əliyevin təşəbbüsü ilə ikinci beynəlxalq tədbir – Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyırdı.
Azərbaycanın COVID-19-a qarşı mübarizədə göstərdiyi qlobal həmrəylik nümunəsi yalnız beynəlxalq tədbirlərin keçirilməsi ilə yekunlaşmadı. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə könüllü ianə ayırmaqla, 30-dan artıq dövlətə humanitar yardım etməklə beynəlxalq həmrəyliyə əməli töhfələr verdi.
BMT-nin 130-dan çox üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi dövlət başçısının yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Bu təşəbbüsün dəstəklənməsi həm də onu göstərir ki, İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir.

Eyvaz Qocayev
SŞİH aparatının əməkdaşı

Keçidlər