Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan böhran vəziyyətində idarəetmə menecmentində ön sıralardadır

11 iyun 2020 | 16:00

Koronovirusa qarşı mübarizədə çevik siyasi qərarlar qəbul edən, mobil və elastik menecment qabiliyyətini nümayiş etdirən Azərbaycan vəziyyəti tam nəzarətdə saxlaya, xəstəlikdən ən az itkilərlə çıxmağa nail olur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə daha üç modul tipli xəstəxananın açılışı  dövlətin bu istiqamətdə davamlı siyasətini göstərir. 
2018-ci ildən sonra başlanan və 2019-cu ildə hakimiyyətin bütün qanadlarına doğru şaxələnən kadr və struktur islahatları Azərbaycanda dövlət idarəetmə mexanizmlərinin optimallaşdırılmasını şərtləndirir. Məhz bunun nəticəsidir ki, dünyanı hazırlıqsız yaxalayan bugünkü pandemiya şəraitində belə ölkəmiz böhran vəziyyətində idarəetmə menecmentində qabaqcıl sıralarda yer alır. Koronavirus hələ uzaq Çində peyda olanda artıq profilaktik tədbirlərə başlayan Azərbaycan sonrakı mərhələdə strateji əhəmiyyətli addımlarla vəziyyəti nəzarət altında saxlamağı bacardı. Vətəndaşın sağlamlığı, yoxsa iqtisadi fəallığın qorunması seçimi qarşısında dövlətimiz, onun başçısı  tərəddüdsüz öz vətəndaşının sağlamlığını və təhlükəsizliyini seçdi. Prezident İlham Əliyevin sözləri bu fikri bir daha təsdiqləyir: “Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.
Azərbaycan qısa zaman kəsiyində qabaqlayıcı tədbirlər həyata keçirdi, xəstələrin müəyyən edilməsi üçün laboratoriya və testlərin alınması təşkil edildi, bir çox xəstəxanalar koronaviruslu xəstələrin qəbulu üçün hazır vəziyyətə gətirildi, cəmi 2 həftə ərzində yaranmış vəziyyətlə bağlı qıtlığı müşahidə olunan tibbi maska müsssisəsinin birincisi, daha bir neçə gün sonra isə ikincisi işə salındı, dezinfeksiyaedici məhlulların öncədən mövcud olan yerli istehsalı daha da gücləndirildi, yeni klinikalar istifadəyə verildi, modul tipli xəstəxanalar quruldu və s.

Dövlətimizin pandemiyaya qarşı mübarizədə addımları əsasən 3 istiqaməti əhatə edir:
-Birincisi, virusun yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması   istiqamətində addımlar;
-İkincisi, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı dalğalanmanın təsirlərinin minimallaşdırılması, sosialyönümlü paketlər;
-Üçüncüsü, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, bu məzmunda qlobal dialoqun və əməkdaşlığın təşkili.
Azərbayanın həyata keçirdiyi preventiv tədbirlər qaçılmaz olan itkilərin minimallaşdırılmasına imkan verib. Həqiqət müqayisədə üzə çıxır  - misal üçün bu günə qədər Azərbaycanda 350 min test keçirilib, yoluxanların sayı isə 8 mindən bir qədər artıqdır.
Qonşu Ermənistanda xəstəliyə yoluxanların sayı 14 mini ötüb, testlərin sayı isə bizdəkindən 5-6 dəfə azdır. Bu paralelləri inkişaf etmiş ölkələrlə də aparmaq olar.
Prezident İlham Əliyevin iki gün əvvəl etdiyi çıxışda səsləndirdiyi fikir bunu bir daha sübut edir: “Məsələn, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”.
Düzgün strategiya, ardıcıl şaxələndirmə və optimallaşdırma siyasətinin nəticəsidir ki, neftin qiymətinin aşağı səviyyəsi və qlobal resessiyanın kəskinləşdiyi indiki dövrdə ölkəmizdə ÜDM beş ayda cəmi 1,7 faiz aşağı düşüb, bu isə inkişaf etmiş ölkələrlə müqayisədə də olduqca yüksək göstəricidir. Sənaye istehsalı artıb, o cümlədən qeyri-neft sektorunda sənayedə 14 faiz, kənd təsərrüfatında 3,6 faiz artım qeydə alınıb, inflyasiya isə proqnozlaşdırıldığı kimi 3 faizdən aşağıdır. Bir sözlə, risk ssenariləri nəzarət altındadır və Azərbaycanın postpandemiya dövründə iqtisadiyyatın reablitasiyası üçün müəyyən etdiyi strategiya nümunədir. Böhran menecmentinin idarəçiliyin keyfiyyətini müəyyən etmək üçün vacib indikatorlardan biri olduğunu nəzərə alsaq, daha bir sınaqdan uğurla çıxacağımızı əminliklə söyləyə bilərik.

Vüsal Məmmədov
“168 saat” qəzetinin redaktoru

Keçidlər