Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Şurasının fəaliyyəti ikili standartların bariz nümunəsidir

08 iyun 2020 | 16:00

Son zamanlar bəzi beynəlxalq təşkilatların "ikili standart" yanaşmalarının şahidi oluruq. Sərgilədikləri "ikili standart" yanaşmalar nəticəsində bu təşkilatlar dünyada gedən proseslərə təsir etmək gücünü, beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu təşkilatların, xüsusilə Avropa Şurasının Azərbaycan qarşı göstərdiyi ikili standartlardan çıxış etməsini, riyakar mövqe ortaya qoyduğunu sərt şəkildə tənqid edib.
Prezident İlham Əliyev növbəti dəfə iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında geniş məzmunlu və əhatəli çıxışında bir daha Avropa Şurasının ölkəmizə qarşı sərgilədiyi  ədalətsiz mövqeyə diqqət yetirdi,  səsləndirdiyi fikirlərlə bu qurumun əsl mahiyyətini ortaya qoydu.

“Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı”
Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Şurasının ikili mövqe nümayiş etdirdiyini vurğulayıb: “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun”nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı.
Ölkə rəhbəri çıxışında bildirib ki, əslində Avropa Şurasının susmağının səbəbi bəllidir: “Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olanqondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”.

“Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür”
Prezident İlham Əliyev çıxışında bu ittihamların təməlində məhz azərbaycanafobiya dayandığını diqqətə çatdırdı:
“Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.
“Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır”

Prezident İlham Əliyev elə Avropa ölkələrində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini bildirib: “Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

“Qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı”

Prezident İlham Əliyev nitqinə davam edərək belə deyib:
“Mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsi də geniş izah olunmalıdır. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı. Hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bunun bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda qalmamalı və gündəmə gətirilməlidir.

Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb: “Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır”.

AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını deyib və təbii ki, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi diqqətindən yayınmayıb:
“AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır”
Prezident İlham Əliyev qeyd edib ki, heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.

AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə  üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər”.
AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasətinə toxunan Prezident İlham Əliyev bildirib ki, AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir: “Bnun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür”.
AŞPA-nın cari ilin 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti də Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayıb: “AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycanı canı yanır?”

Prezident İlham Əliyev qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının- Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirib: “AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil”

“Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz”
AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev deyib: “AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir”.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazanması, pandemiya dövründə qəbul etdiyi doğru qərarlar və istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar göz önündədir.

30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycana qarşı ikili standartlar sərgiləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.
Artıq 30 ilə yaxındır ki, davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasının bir nümunəsidir.
Bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması ciddi təəssüf doğurur.
Əgər AŞPA və ATƏT kimi qurumlar özlərini insan hüquqlarının müdafiəçisi, ədalətli bir qurum kimi hesab edirlərsə o zaman, Azərbaycana qarşı qərəzli mövqedən çəkinməli və Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməlidir.

Keçidlər