Hər bir vətəndaş Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir
Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.
Millət vəkili Tahir Mirkişili bununla bağlı Sumqayıt şəhər sakinlərinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, son günlər ölkədə karantin şərtlərinin yumşaldılması korona virusa yoluxma hallarını artırmışdır: “Artıq vəfat edənlərin də sayı artmaqdadır. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü və başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar.
Bütün bunları nəzərə alaraq, Sumqayıtdan seçilmiş deputat kimi Sizlərin hər birindən xahiş edirəm bu çətin günlərdə özünüzü, yaxınlarınızı, ətrafdakıları, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiz, bir birinizdən məsafə saxlayasız. Həftə sonları evdə qalasız! Bu bir ümumxalq problemdir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur!”