Sumqayıt şəhərində 2253 nəfər işsiz vətəndaş ictimai işlərə cəlb edilib
Sumqayıtda ictimai işlərə 4 min vakant yeri ayrılmışdır. Həmin iş yerləri üçün ayda 250 manatdan başlayan əmək haqqı nəzərdə tutulub.
Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və digər xidmət sahələrini əhatə edir.
Belə işlərə cəlb edilənlərdən biri də Roza Allahverdiyevadır: “Saat 8 tamamdan işləyirik. İşimiz nədir? Qazonu sulamaq, alaq etmək, gülləri harda görürük ki, harda elə yerlər var ki, xarab olur onları təmizləyirik, quru yerlərin təmizləyirik, suvarırıq, əkin işini edirik. Saat 5-ə kimi özümüz daimi işimizin üstündəyik. Ondan zövq alıram, elə bilirəm ki, cavanlaşıram qocalmıram, o qədər mənim xoşum gəlir bax bu gülləri əkməkdən, becərməkdən, suvarmağından, alağından. Heç bir şeydən mən çətinlik çəkmirəm”.
Leyla Bəşirova da işindən razıdır. Deyir vaxtı-vaxtında maaşımızı da alırıq: “Sağ olsun dövlətimiz, ictimai iş yerləri açdı. Bizim kimi imkansız, işsiz adamları işlə təmin elədi, işləyirik, vaxtı-vaxtında da pulumuzu, maaşımızı alırıq. İşimiz təmizliklə əlaqədardır. İndi yaz vaxtıdır, ağacların dibini belləyirik. Ağacları ağardırıq, alaq edirik, axırı işimiz var ağır iş də deyil”.
İctimai işlərə cəlb edilən Nazlı Sadıxova da yeni işindən razıdır: “Məşğulluğun xətti ilə bu işə düzəlmişəm, yaşıllaşdırmada işləyirəm. Hal-hazırda indi gül əkmə ilə məşğuluq. Təmizlik işləri ağacların diblərin təmizləyirik, güllərin alaqların edirik. Yeni iş yerləri açılıb, bu işlərin açılmasına görə dövlətimizə minnətdarıq, yeni iş yerlərinin açılması bir çox işsizlərin işlə təmin olunması, ailəsinə çörək pulu aparmasına köməklik edir. Sağ olsun dövlətimiz aztəminatlı ailələrin qayğısına qalır”.
Sahib Nəcəfov da ictimai işlərə cəlb olunub və şəhərin giriş hissəsində abadlıq işləri görür: “Hal-hazırda gördüyünüz kimi şəhərin girişində biz burda gül əkirik, gülləri suvarırıq. Burdan gələn-gedən hamısı bizim işimizdən zövq alır. Biz də bundan həvəslənirik, işimizə bir az da münasibətimizi dəyişirik”.
Qeyd edək ki, karantin rejimi ilə bağlı DOST İş Mərkəzinin xətti ilə Sumqayıtda bu ilin əvvəlində 3090 nəfər işsiz vətəndaş ödənişli ictimai işlərə cəlb olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən koronavirus pandemiyası dövründə qeyri-formal işlərlə məşğul olan və karantin rejiminə görə işsiz qalan günəmuzd vətəndaşlara dəstək planına uyğun olaraq aprel-may aylarında ölkədə 50 min ictimai iş yeri yaradılması üçün 30 milyon manat ayrılıb. Sumqayıtda isə bu günədək 2253 nəfər işsiz vətəndaş dəstək planı çərçivəsində ictimai işlə təmin edilib.