Sumqayıt şəhər sakinləri Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq qanvermə aksiyasında iştirak edirlər
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı nəzərə alınaraq Heydər Əliyev Fondu cəmiyyətə çağırış etmişdir. Sumqayıt şəhər sakinləri Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq könüllü olaraq qanvermə aksiyasında iştirak edirlər.
Artıq bir neçə gündür ki, şəhər sakinləri Mərkəzi Qan Bankının Sumqayıt bölməsinə gələrək qanvermə aksiyasında iştirak edirlər.
Qeyd edək ki, koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Şəhər sakinlərindən könüllü olaraq bu xeyirxah aksiyada iştirak etmək istəyənlər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yerləşən Mərkəzi Qan Bankının Sumqayıt bölməsinə müraciət edə bilərlər.